Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin İslam Əməkdaşlıq Şurasının (İƏT) Nazirlər Şurasının 49-cu sessiyasında iştirak məqsədilə Mavritaniya İslam Respublikasına işgüzar səfəri baş tutub.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Səfər çərçivəsində nazir müavini Fariz Rzayevin Mavritaniya xarici işlər naziri Mohamed Salem Ould Merzoug, Burkina-Faso xarici işlər naziri Ragnaghnevende Olivia Rouamba, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru Yerlan Baidaulet, Oman Sultanlığı Xarici İşlər Nazirliyinin Diplomatik məsələlər üzrə katibinin müavini Şeyx Xəlifə bin Əli bin İsa əl Harti, habelə Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Omar Huruse ilə ikitərəfli görüşləri keçirilib.
Görüşlər zamanı ikitərəfli əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Yüksək səviyyəli rəsmi təmasların və ikitərəfli siyasi məsləhətləşmələrin intensivliyinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Qarşı tərəf Azərbaycan tərəfindən QH sədrliyi çərçivəsində irəli sürülmüş pandemiyadan sonrakı qlobal bərpa məsələsinə həsr olunmuş təşəbbüslər barədə məlumatlandırılıb.
Nazir müavini tərəfindən ölkəmizin üzvlüyü dövründə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək təqdir olunub.
Görüşlər zamanı Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycana qarşı təcavüzü, post-münaqişə dövründə Azərbaycan-Ermənistan arasında sülh prosesinin cari vəziyyəti, eləcə də regionda Ermənistanın təxribatları, mina təhdidləri barədə ətraflı məlumat verilib.
Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri diqqətə çatdırılıb və bu istiqamətlərdə əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.