• Ca. Noy 28th, 2024

Vaşinqton Mərkəzi Asiyada Rusiya və Çinin gücünü azaltmağa çalışır – “KASPİ”nin TƏHLİLİ + FOTO

ByYenigun.news

Apr 8, 2023


Mərkəzi Asiya uğrunda gərgin geosiyasi mübarizə başlayır. Bəzən ümumi şəkildə “stan” adlandırılan bölgə dövlətləri böyük və qüdrətli ölkələrin diqqətini özlərinin nəhəng sərvətləri və təbii ehtiyatlarına görə daim cəlb edib. İndi Rusiya, Çin, Qərb, hətta Hindistan və İran da bu yarışın iştirakçılarıdır.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Son bir neçə ildə fövqəldövlətlərin, xüsusən də ABŞ-nin Mərkəzi Asiya ölkələrinə marağı nəzərəçarpacaq dərəcədə artıb. Bu, tək Rusiyanın zəiflədilməsinə hesablanmış gediş deyil. Söhbət həm də geosiyasətdən və təbii sərvətlərdən gedir. Görünən odur ki, regionun sərvətləri uğrunda digər əsas oyunçular da mübarizəyə qoşulublar.

Bəzən ümumi şəkildə “stan” adlandırılan Mərkəzi Asiya böyük və qüdrətli dövlətlərin xüsusi diqqətini özünün nəhəng sərvətləri və təbii ehtiyatlarına görə daim cəlb edib. ABŞ, Rusiya, Çin, İran, Hindistan, eləcə də Böyük Britaniya və Avropa İttifaqı ilə yanaşı, hətta İsrail Mərkəzi Asiya ölkələrinə xüsusi maraq göstərir. Son bir neçə ildə Rusiya ilə qarşıdurma səbəbindən Qərb dövlətlərinin “stan”lara marağı daha da artıb. Bəzi tarixçilər bu bölgəni “dünyanın damı” adlandırır və hesab edirlər ki, ona nəzarət olmadan dünyada hegemonluğu saxlamaq mümkün deyil.


ABŞ Mərkəzi Asiyada Çinə uduzur

Qərb mediası yazır ki, “stan”lar uğrunda gedən geosiyasi mübarizənin əsas səbəbi Qərb dövlətlərinin Rusiya ilə yanaşı, Çinin də bu regionda təsirini məhdudlaşdırmaq və balanslaşdırmaq istəyidir. ABŞ, Böyük Britaniya və Hindistanın Mərkəzi Asiyaya marağı Çini və onun “Bir kəmər, bir yol” meqalayihəsini əngəlləmək cəhdi kimi qiymətləndirilə bilər. Bu yeni İpək Yolu bölgədən keçərək Azərbaycana, oradan Türkiyəyə, daha sonra Avropa, Afrika və Yaxın Şərqə uzanır. Bu baxımdan Avstraliyanın keçmiş solçu Leyboristlər Partiyasının baş naziri Pol Kitinqin son bəyanatı maraqlı səslənir. O bəyan edib ki, ABŞ özünü iki okean, eləcə də  şimaldan və cənubdan dost ölkələrlə əhatə olunaraq təhlükəsiz hiss edir. Dominant dəniz və nüvə gücü olsa da, Çinlə mübarizədə hələ də geri qalır.

Diqqətlər kritik Çin-Mərkəzi Asiya sammitinə yönəlib

Yeri gəlmişkən, mayda Çin-Mərkəzi Asiya sammitinin keçirilməsi planlaşdırılır. Burada Pekin əməkdaşlıq üçün bəzi yeni təkliflər səsləndirə bilər. Sammitin təşəbbüskarının Çin olması göstərir ki, Pekin bu respublikaları müxtəlif formalarda özünə bağlamaqda qərarlıdır. Xatırladaq ki, 2019-cu ildə Çin tərəfi artıq “C+C5” (Çin + Mərkəzi Asiya) mexanizmini yaradıb. Amma bu, xarici əlaqələr idarələrinin rəhbərlərinin iştirak etdiyi ənənəvi mexanizm idi. İndi belə görüşlər ən yüksək səviyyədə olacaq. Ümumiyyətlə, Çin üçün Mərkəzi Asiya regionu ilk növbədə təhlükəsizlik baxımından önəmlidir. Bu prioritet dəyişməz olaraq qalır. Çin Ukraynadakı müharibənin müəyyən mənfi təsirlərini hiss edib – xüsusilə nəqliyyat dəhlizləri ilə bağlı. Nəticədə Çin, eləcə də Mərkəzi Asiya ölkələri alternativ yollara baxmaq məcburiyyətində qalıblar. Burada Pekinin və Mərkəzi Asiyanın maraqları üst-üstə düşür. Xüsusilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi praktiki mərhələyə qədəm qoyub. Yolun tikiləcəyinə şübhələr getdikcə azalır.

Qazaxıstan-Çin sərhədində üçüncü dəmir yolu keçidi də açılır ki, bu, şübhəsiz, Qazaxıstanın ərazisindən yük axınını xeyli artıracaq. Yəni “Orta dəhliz” adlanan yer yeni nəfəs alır. Orta yolun aktuallaşmasına kömək edən digər amil ABŞ və Çin arasında qarşıdurmanın güclənməsidir. Tayvan üzərində münaqişə ehtimalı artır və bununla da Çin üçün bütün dəniz idxal marşrutları son dərəcə qeyri-sabit olur. Qərb ölkələri, ilk növbədə ABŞ regionda rəqabətin gücləndiyini başa düşür və müşahidəçi mövqe tutmaq niyyətində deyil. Nəticədə biz Vaşinqtonun və ümumilikdə Qərbin “C5+1” mexanizminə necə xüsusi önəm verməyə başladığını görürük. Pekini ötən il Mərkəzi Asiya ölkələrində baş verən gərgin hadisələr təşvişə salıb. Burada hər şey çox aydındır – Mərkəzi Asiyada sabitlik pozularsa, o zaman gərginlik Çinin ən narahat bölgəsinə – Uyğur vilayətinə yayıla bilər. Bu, Çin hakimiyyətinin ən böyük qorxusudur.

Vaşinqtonun da Mərkəzi Asiyadan gözləntisi var 

Bəllidir ki, ABŞ da bölgəyə ciddi maraq göstərir. Dövlət katibi Antoni Blinken Mərkəzi Asiya ölkələrinə son səfəri zamanı Qazaxıstan və Özbəkistan prezidentləri ilə görüşərək əlaqələrin genişlənməsinin zəruriliyini dilə gətirib. Sirr deyil ki, Vaşinqtonun bölgə ilə əməkdaşlığının əsas məqsədi Rusiya və Çinin gücünü azaltmaqdır. Ancaq buna nail olmaq üçün ABŞ-nin Mərkəzi Asiya ölkələrinə yatırımları artmalıdır. Əks halda Rusiya və Çini bölgədə sıxışdırmaq mümkün olmayacaq. Moskva və Pekinin xeyrinə işləyən bir neçə amil var ki, bunun birincisi, Mərkəzi Asiya ölkələrinin milyonlarla vətəndaşının Rusiyada ucuz işçi qüvvəsi kimi çalışması, qazandıqlarının da bir qismini evlərinə göndərməsidir. Həmin maliyyə Mərkəzi Asiya ölkələrinin büdcələrində müəyyən paya malikdir.


İkincisi, Mərkəzi Asiya ölkələrindən bir neçəsinin boru xətti Rusiya üzərindən keçir. Qazaxıstan öz neftini, Türkmənistan isə qazını Rusiyadan keçən boru xətləri üzərindən dünya bazarlarına daşıyır. Qazaxıstan və Türkmənistanın Çinlə də enerji əməkdaşlığı mövcuddur. Üçüncüsü, Çinin Mərkəzi Asiya ölkələrində milyardlarla dollar yatırımları var. Bu ölkələrin Çinə böyük borcları yaranıb. Pekin bu borcların əvəzində bır sıra hallarda həmin ölkələrə şərtlərini diktə etməyə çalışır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir