Hesablama Palatası Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsində (RMİ) kənar dövlət maliyyə nəzarəti tədbiri keçirib.
APA xəbər verir ki, nəticələr Hesablama Palatasının “Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitlərinin və dövlət əmlakının idarə olunmasının auditinin nəticələri haqqında” məlumatında qeyd olunub.
Bildirilib ki, Hesablama Palatasının 2022-ci ilin İş planına əsasən, Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsində keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri İdarənin 2020-2021-ci illərdə və 2022-ci ilin 6 ayı ərzində fəaliyyətini əhatə edib.
Nəzarət tədbiri ilə İdarənin əhatəsində olan 180 kitabxana, 106 mədəniyyət evi və klub, 15 muzey və 22 musiqi məktəbinin fəaliyyətinin təmin edilməsi məqsədilə büdcədənkənar fəaliyyətdən daxilolmalar da nəzərdə alınmaqla, ümumilikdə icra olunmuş 55 milyon 110 min 500 manat məbləğində vəsait əhatə olunub.
İdarə və əhatəsində olan mədəniyyət və incəsənət müəssisələrində ümumilikdə 2020-ci ildə 2777, 2021-ci ildə 2773,5 və 2022-ci ilin 6 ayı üzrə 2683 ştat vahidi fəaliyyət göstərmiş, auditin əhatə etdiyi dövrdə həmin əməkdaşların əməyinin ödənilməsinə istifadə edilmiş vəsaitin 96%-i yönəldilib.
Audit nəticəsində aşağıdakılar müəyyən edilib:
– Proqnozlaşdırma prosesinə əsaslı yanaşılmaması və təsiredici amillərin diqqətə alınmaması 2020-2021-ci illərdə pandemiya şəraitinin təsiri də nəzərə almaqla bir sıra xərclərin aşağı səviyyəli icra davranışına malik olduğunu göstərir. Aşağı icra davranışı nümayiş etdirən xərclərin əsas hissəsi kommunal, rabitə və poçt xidmətləri ilə bağlı olub ki, həmin istiqamətlər üzrə tələbatlara təsir edən faktorlar proqnozlaşdırılandır. Tikinti və avadanlıqların cari təmiri ilə bağlı xərclərdən isə hər iki ildə, demək olar ki, vəsait istifadə edilməyib;
– Büdcədənkənar fəaliyyətdən gəlirlərin formalaşması ilə bağlı tədbirlərin məhdud istiqamətlər və qurumlar üzrə həyata keçirilməsi, ümumilikdə auditin əhatə etdiyi dövrdə bu sahədə potensialın istifadəsi ilə bağlı fəaliyyətin tam və düzgün təşkil olunmaması İdarənin fəaliyyət çərçivəsində olan 323 mədəniyyət və incəsənət müəssisəsinin yalnız 8-dən cəmi 10,4 min vəsaitin daxil olması ilə nəticələnib;
– Əmlakla bağlı hesabatlılığın təmin olunması fonunda ondan istifadə prosesində əlavə gəlir əldə etmək potensialı reallaşdırılmayıb. Belə ki, İdarənin əhatəsində olan qurum tərəfindən düzgün olmayaraq dövlət əmlakının bir hissəsi ictimai birliyə istifadəyə verilib, həmin birlik tərəfindən bu sahə kommersiya məqsədi ilə istifadə edilsə də, əmlakdan istifadə ilə bağlı icarə müqaviləsi bağlanmayıb və icarə haqqı tutulmayıb.
Həmçinin qeyd olunub ki, maliyyə intizamına tam əməl olunmaması bəzi hallarda ayrılmış vəsaitlərin İdarə tərəfindən təyinatı üzrə istifadə edilməməsi ilə nəticələnib.
“Eləcə də idarənin tabeliyindəki 2 uşaq musiqi məktəbinə 7 ədəd elektron lövhə əvəzsiz verilərək sinif otaqlarında quraşdırılsa da, auditin başa çatdığı dövrədək lövhələrdən istifadə ilə bağlı bacarıqların aşılanmaması ümumilikdə 45,3 min manat dəyərində dövlət əmlakının istifadəsiz saxlanmasına səbəb olub, bununla da həmin avadanlıqların tədris prosesində tətbiqi yolu ilə tədris keyfiyyətinin yüksəldilməsi imkanlarından istifadə edilməyib.
Əməyin ödənilməsi ilə bağlı vəsaitlərin istifadəsinin düzgünlüyünün yoxlanılması ilə Vahid Tarif-İxtisas Sorğu Kitabçaları ilə müəyyən edilmiş tarif dərəcələri və ixtisas tələblərinə əməl olunmayaraq tarif dərəcələrinin bəzi hallarda yuxarı, bir sıra hallarda isə aşağı müəyyənləşdirilməsi hallarına yol verildiyi aşkar edilib, həmin hallar əməyin müvafiq olaraq 18,3 min manat artıq və 277,8 min manat əskik ödənilməsi ilə nəticələnib.
Tədris planlarında əks olunmuş normalara riayət edilmə vəziyyətinin araşdırılması bəzi hallarda əvvəlki dərs ilinin son aylarında qruplarda yeni şagirdlərin adının qeyd olunduğunu, bir sıra hallarda isə bunun yeni dərs ilinin əvvəlində həyata keçirilməklə qruplar formalaşdırıldıqdan qısa müddət sonra həmin uşaqların adının siyahıdan çıxarıldığını göstərib. Beləliklə də, göstərilən səbəblər 2019/2020-ci tədris ilində artırılmış 56 saat üzrə 15,5 min manat, 2020/2021-ci tədris ilində artırılmış 340 saat hesabına 132,6 min manat vəsaitin ödənilməsinə şərait yaradıb, 2021/2022-ci tədris ilinin auditin əhatə müddətinə düşən dövrü üçün bu göstəricilər müvafiq olaraq 166 saat və 58,3 min manat təşkil edib.
İdarə tərəfindən Əsasnamə ilə müəyyən edilmiş hüquqların tam reallaşdırılmaması, ştat vahidləri və vəzifələrə dair hüquqi aktların tələblərinə əməl olunmaması, ümumilikdə bu sahədə nəzarət fəaliyyətinin təşkil edilməməsi kitabxana sistemləri və mədəniyyət evləri üzrə auditlə əhatə olunmuş hər dövr üzrə 62 ştat vahidinin artıq saxlanılması, bu əməkdaşlara ümumilikdə 608,4 min manat məbləğində vəsait ödənilməsi ilə nəticələnib.
İdarənin tabeliyindəki müəssisələrdə ali və ya orta ixtisas tələb olunan vəzifələrdə hüquqi aktların tələblərinə uyğun olmayaraq Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun filiallarında 77 vahid, muzey və muzey tipli müəssisələrdə 5 vahid, mədəniyyət evləri və klublarda 137 vahid orta təhsilli şəxslərin işlədiyi müəyyən edilib, həmin işçilərin tələb olunan ixtisas göstəricilərinə malik əməkdaşlarla əvəzlənməsi ilə bağlı fəaliyyət həyata keçirilməyib.
“Ştatda olan işçilərin əməkhaqqı” paraqrafında 2020-ci illə müqayisədə 2021-ci ildə 653,5 min manat məbləğində azalmanın səbəbləri ilə bağlı toplanmış audit sübutları ilə həmin vəsaitin bir hissəsinin artıq ödənilmiş əməkhaqqı ilə bağlı olması ilə yanaşı, 447,1 min manatının 2020-ci ildə adları işdə olan, lakin 2021-ci ildə işdən azad edilmiş 87 nəfər işçinin əməkhaqqı və əməkhaqlarına üstəlik xərclərindən ibarət olduğu müəyyən edilib. 2021-ci ildə İdarədə 188 nəfər işdən azad edilib, 101 nəfər isə işə qəbul olunub. 87 ştat vahidi üzrə əməkdaşların eyni gündə işdən azad edildiyini və həmin vahidlər üzrə işə əməkdaşın götürülmədiyini, eləcə də bu ştat vahidlərinin bir hissəsinin artıq ştatlardan ibarət olduğunu diqqətə almaqla, həmin əməkdaşların faktiki olaraq çalışmama riskinin mövcud olduğunu qeyd etmək olar.
İdarə tərəfindən dövlət satınalmalarını tənzimləyən hüquqi aktların dövlət satınalmalarının planlaşdırılması müddətləri ilə bağlı tələblərinə əməl olunsa da, icra prosesində tərtib edilmiş planlara riayət olunmayıb, bəzi satınalmalar vaxtında icra edilməyib, planlaşdırılmış bir neçə satınalma həyata keçirilməyib və əksinə, nəzərdə tutulmamış satınalmalar icra edilib.
Satınalınacaq mallara (işlərə və xidmətlərə) dair tələbin müəyyənləşdirilməməsi ilə yanaşı, ehtimal olunan qiymətlərin hesablanmaması və ya bu qiymətlərin formal xarakter daşıması bir sıra hallarda daha yüksək qiymətlərin tətbiqinə şərait yaratmaqla, dövlət vəsaitinin 64,4 min manat artıq istifadəsi ilə nəticələnib. Bir sıra hallarda ehtimal olunan qiymət və bağlanmış müqavilələrin dəyəri nəzərdə tutulmuş vəsaitin məbləğindən də çox olmuş, bəzi hallarda isə ehtimal olunan qiymətlə tender təklifi və müqavilə məbləği eynilik təşkil edib. Qeyd olunanlar İdarə tərəfindən satınalmalarda ehtimal olunan qiymətin hesablanmasına əsaslı yanaşılmadığını, ümumiyyətlə bu qiymətlərin formal xarakter daşıdığını, eləcə də dövlət vəsaitlərinin istifadəsi prosesində sövdələşmə risklərinin mövcud olmasını vurğulamaq imkanı verir.
Maliyyə hesabatlarının məzmununun hüquqi aktların tələb etdiyi formaya uyğun olmaması hesabatlılığın təmin edilməsində riskləri formalaşdırıb, aktivlərin silinməsi ilə bağlı tələblərə riayət edilməməsi bəzi hallarda bu aktivlərin təsdiqedici sənədlər olmadan, eləcə də istifadə müddəti başa çatmadan silinməsi ilə nəticələnib. Kreditor və debitor borcların uçotu düzgün qurulmamış, ümumiyyətlə, maliyyə hesabatlarında öz əksini tapan debitor və kreditor borclar xəzinə üzləşmə aktlarında öz əksini tapmayıb”.