Son illərin qiymət artımı meyvə-tərəvəz, xüsusilə süd məhsullarının da qiymətlərini kifayət qədər yüksəldib. Paralel olaraq suvarma sahəsində yaranan problemlər kənd yerlərində insanların təsərrüfatla məşğul olmasını çətinləşdirib. Ekspertlər belə hesab edirlər ki, öz torpağımızın məhsulları daha dadlı, sağlamlıq üçün faydalı olduğu üçün və eyni zamanda valyuta itirmək yerinə, qazanmaq üçün yerli məhsulların istehsalını artırmalıyıq.
Mütəxəssislər onu da bildirirlər ki, kənd təsərrüfatında həm məhsuldarlığı təmin etmək, həm də daha çox istehsal etmək üçün ən qənaətcil yol olan kooperativlərin yaradılması genişləndirilməlidir. Məsələn, qonşu Türkiyədə artıq bu cür kooperativlərin sayı 10 mini ötüb.
Onlardan 7 minə yaxını kənd təsərrüfatının inkişafı kooperativləridir. Son beş ildə ölkədə 500-ə yaxın kooperativ yaradılıb.
Məlum olduğu kimi, bizdə də bu sahə ilə bağlı müəyyən baza formalaşdırılıb. Belə ki, Prezident İlham Əliyev tərəfindən 14 iyun 2016-cı ildə imzalanmış “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu və 14 iyul 2017-ci il tarixli “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” mövcuddur.
Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev Bizim.Media-ya bildirib ki, kooperativlərlə bağlı bir çox dünya ölkələrinin təcrübəsi var və sahənin strukturu formalaşdırılıb:
“Vaxtilə torpaqlar əhaliyə paylanıldı. Sakinlər əkdikləri bir-iki hektar ərazidən güc-bəla ilə hektardan ən çoxu 20 sentner taxıl məhsulu götürə bilir ki, bu da onların illik yavan çörəyini ancaq ödəyir. İvanovka kəndi bir hektardan götürdüyü üzümdən istehsal etdiyi məhsulla taxıl əkilən sahələrdən 10-15 dəfə artıq gəlir əldə edirdi. Çoxillik bitkiləri bir-iki hektarda əkməklə nəticə olmur. Lazımdır ki, birləşib ən azı 10 hektarlarla ərazidə əkin əkəsən ki, nəsə gəlir əldə edə biləsən. Buna görə də bu cür kooperativlərin yaradılması vacibdir. Birliklər yaradılarkən təbii ki, onlar hüquqi şəxsə çevrilirlər. Ədliyyə Nazirliyində qeydiyyatdan keçirlər və hüquqi şəxs statusu alırlar. Daha sonra isə ərazidə müvafiq olan kənd təsərrüfatı strukturu yaradırlar”.
Bəs bizdə kooperativlərin fəaliyyəti hansı səviyyədədir?
Kənd Təsərrüfatı Nazirliyinin Kooperativlərin inkişafı sektorunun müdiri İsrafil Həsənli mövzu ilə bağlı bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-ci il ərzində 13 yeni kooperativ yaradılıb:
“Hazırda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 38 aqraryönümlü kooperativ qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Kooperativlərin yaradılmasının təşviq edilməsi məqsədilə müxtəlif rayonlarda və kəndlərdə fermerlərlə görüşlər keçirilib, dünya üzrə işlək kooperativ modelləri, onların üstün cəhətləri barədə mütəmadi maarifləndirici təbliğat işləri aparılıb”.
Sektor müdiri bildirib ki, kooperativlərdə yaranan problemlərin həlli istiqamətlərində də işlər görülür:
“Məsələn, Sabirabad rayonunda fəaliyyət göstərən “Birlik” İstehsal Kooperativinin Beşdəli və Yaxadəllək ərazilərində görülən işləri göstərə bilərik. Birtərəfli olaraq 41 km drenaj xəttinin qazılması həyata keçirilib, 1 ədəd su nasos stansiyası quraşdırılıb. “Aqroservis” ASC tərəfindən 90 hektar şum işlərinin aparılması üçün güzəştli şərtlərlə traktorlar ayrılıb. Suvarma problemlərinin aradan qaldırılması məqsədilə Nazirlik tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə olan müraciəti nəticəsində Kür çayının Şirvan SES-in yerləşdiyi Muğan ərazisindən kooperativin ərazisində yerləşən beton kanala su verilməsi təmin olunub”.
Müxtəlif rayonlarda kooperativlərin fəaliyyəti ilə bağlı görülən işlərdən bəhs edən nazirlik rəsmisi bildirib ki, “Elmi-tədqiqat institutları ilə məhsul istehsalçısı olan kooperativlər arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda kooperativ sədrləri və elmi-tədqiqat institutu rəhbərləri arasında onlayn formatda görüş keçirilib və bu istiqamətdə əlaqələr qurulub, artıq Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Azorqanik” kənd təsərrüfatı istehsal-istehlak kooperativi arasında müqavilə imzalanıb:
“Bütün bu işlər Saatlı, Quba, Şamaxı, Qax, Cəlilabad, Ağdaş, Samux, Ağsu rayonlarındakı kooperativlər üçün də görülüb, insanların su, əkin sahəsi və texnika problemləri həll olunub.
Qeyd edək ki, kooperativlər təkcə əkinçiliklə bağlı deyil, həm də maldarlıqla, arıçılıqla bağlı bir çox rayonlarımızda yaradılıb və onlarda işin düzgün təşkili üçün müəyyən yardımlar edilib. Həmçinin kooperativlərə qrant layihələrin ayrılması, sərgi-satış yarmarkalarında iştirakları üçün dəstək göstərilir”.
İsrafil Həsənli qeyd edib ki, kooperasiyayönümlü modern fermer təsərrüfatlarının, həmçinin aqroemal qurumlarının böyük hissəsinin ölkə regionlarında yaradılmasında əsas məqsəd məhz kənd ərazilərinin infrastruktur səviyyəsini daha da yaxşılaşdırmaq, eləcə də şəhərlə kənd arasındakı fərqləri tədricən aradan qaldırmaqdan ibarətdir:
“Kooperativlərin yaradılmasında başlıca məqsəd, ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli şəkildə bəhrələnməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək, məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperativ üzvlərinin iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.
Onu da deyim ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na uyğun olaraq 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkməyə görə kənd təsərrüfatı kooperativlərinə güzəşt olaraq 10 faiz artırılmaqla əkin subsidiyası tətbiq edilib. Bu da kənd təsərrüfatı kooperativlərinin fəaliyyətlərini daha da stimullaşdıracaq”.