• Bz. Yan 19th, 2025

Vüqar Gülməmmədov: “Cari büdcə xərclərinin qeyri-neft-qaz sektoru hesabına təmin olunması artıb” – FOTO

ByYenigun.news

May 31, 2023


2022-ci ildə qeyri-neft-qaz iqtisadiyyatının və qeyri-neft gəlirlərinin əhəmiyyətli artımı fonunda cari xərclərin qeyri-neft/qaz sektoru hesabına təmin olunma göstəricisi üzrə müsbət meyillər izlənilib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, “2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, bu, cari xərclərin də il ərzində 2,5 milyard manat azalması hesabına olub.

“Aparılan təhlillər əsasında 2022-ci ildə cari xərclərin qeyri-neft-qaz gəlirləri ilə təmin olunma səviyyəsinin əvvəlki illə müqayisədə 9 faiz bəndi artdığını göstərir. Belə ki, qeyri-neft gəlirləri 15,4 milyard manat olmaqla cari xərclərin 86,5%-ni təşkil edib. Qeyd olunan artım dinamikası qeyri-neft-qaz gəliri/müdafiə olunan xərc nisbəti üzrə də qeydə alınıb, müdafiə olunan xərclərin təmin olunma səviyyəsi əvvəlki ilə müqayisədə 12,1 faiz bəndi artaraq 119,8% olub.

Fiskal sahəni tənzimləyən qanunvericiliyin tələbləri əsas götürülməklə hesabat ilində də eyni gəlirin iki dəfə tanınması ilə büdcənin gəlir parametri artırılıb. Belə ki, əvvəlki illərdə gəlir kimi tanınmış təqribən 500 milyon manat hesabat ilinin büdcəsində yenidən gəlir kimi əks etdirilib. Dövlət maliyyəsi ilə bağlı qabaqcıl təcrübədə aidiyyəti məbləğlərin gəlir kimi tanınmasına yol verilmir. Belə ki, Dövlət Maliyyə Statistika Təlimatına əsasən gəlir kimi yalnız xalis dəyər artımı nəzərə alınmalı, başqa sözlə bu ya aktivlərdə artım, ya da öhdəliklərdə azalma ilə nəticələnməlidir. Hesab edirik ki, “Büdcə sistemi haqqında” Qanunun 5.4-cü maddəsi və digər hüquqi aktların müvafiq tənzimlənmələrində dəyişiklik aparılmalıdır.

2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 106,5 milyon manat proqnozlaşdırılıb, icra isə 130,7 milyon manat olub. Proqnozun artıq icra edilməsinə baxmayaraq, bəzi müəssisələr tərəfindən dövrün sonuna xalis mənfəətin əldə edilməsi fonunda bu mədaxil mənbəyi üzrə daxilolma nəzərdə tutulmayıb və icra edilməyib.

Ümumiyyətlə, bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə, səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müvafiq təhlillərin aparılmasını məqsədəuyğun hesab edirik. Eyni zamanda, ödənilən və ödənilməli dividendlərin əldə olunan mənfəətə mütənasibliyini təmin etmək üçün reqlamentləşdirilmiş dividend siyasətinə ehtiyac olduğunu da bildirməliyəm”, – deyə sədr qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir