• Şb. Noy 30th, 2024

Mənəviyyatımızın Heydər Əliyev zirvəsi

ByVuqar Ferzeliyev

İyn 16, 2023

Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi rəhbər ədəbiyyat insanlarını da həmişə diqqətində saxlayırdı. İstər yazarların, istərsə də ədəbiyyatşünasların əsas dayağı olan Ulu Öndər həm ədəbiyyata bələd olub, həm də ona bu bələdçilikdən irəli gələn sevgi ilə yanaşıb. Bunu Ümummilli Liderin hələ sovet dönəmində yazıçıların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir. Dahi şəxsiyyət Heydər Əliyevin söz adamlarına diqqəti və qayğısı bununla bitmirdi.

Tarixə nəzər saldıqda görürük ki, müdrik rəhbər Heydər Əliyev ötən əsrin 60-70-ci illərində olduğu kimi, 80-ci illərdə də ədəbiyyatın keşiyində xüsusi inamla dayanmışdır. 1980-ci il dekabrın 11-də Naxçıvan şəhərində Hüseyn Cavidin ev-muzeyinin yaradılması qərarını vermək çox nəhəng bir iş idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. Bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda, məhvindən yarım əsr keçməmiş öz vətəninə təmtəraqlı surətdə təhvil gətizdirmək tarixi ədalətsizlik üzərində milli qələbə idi. 1982-ci il yanvarın 15-də Şuşada M.P.Vaqifin məqbərəsinin açılışının mühüm tarixi əhəmiyyəti danılmazdır.

Ulu Öndərin hakimiyyətinin birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu, o dövr üçün yazarlara böyük etimadın göstəricisi idi. 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirildi. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 1973-cü il sentyabrın 13-də İmadəddin Nəsiminin 600 illik yubileyinin Bakı ilə yanaşı, Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda Nəsiminin abidəsi qoyuldu. Biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq.

1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edildi. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, bu qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması siyasətin ədəbiyyatda qələbəsi idi. Ulu öndərin bu sözləri hələ də qulaqlarımızda səslənir: “Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır.”

Mais Məmmədov,

Cəlilabad rayon Zopun kənd

tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir