Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnindəki detallar razılaşdırma mərhələsinə yaxınlaşdıqca kənar aktorların geosiyasi ambisiyaları irəliləyir.
Bu irəliləyişi Azərbaycan-Ermənistan sərhədi boyunca baş verən insidentlərdə görürük. Sərhəddə cərəyan edən proseslərin konteksti sülh müqaviləsi üçün lazım olan mübahisəli məsələlərin həllini asanlaşdırmaq xəttinə yaddır.
Sərhəddəki toqquşmaların xarakteri Zəngəzur dəhlizi layihəsinin mahiyyətindən qopan hissələr əsasında formalaşır.
Son sərhəd insidentlərində dünyanın iki nəhənginin – Rusiya və ABŞ-nin – rəqabəti daha çox gözə çarpır. Bunu göstərən əlamətlər:
– ABŞ Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində metallurgiya zavodu tikir;
– Rusiya baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur dəhlizi ilə bağlı açıq qalan məsələlərin razılaşdırıldığını ehtiva edən kompleks sənədin tərtib edildiyini bildirib.
“Hər iki tərəf (Azərbaycan və Ermənistan – red.) şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Beləliklə, bu yolla bağlı Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq ediləcək”, – deyə Overçuk TASS-a müsahibəsində söyləyib.
ABŞ-nin Cənubi Qafqaz regionu üzrə planlaşdırma missiyası onun qlobal oyunda Rusiyadan çox, Çinin qarşısında uduşsuz vəziyyətə düşməsi ilə əlaqədar ola bilər. Zəngəzur dəhlizinə münasibətdə Vaşinqton Çin və Rusiyanı kənarlaşdırmağı və bu koridor üzrə beynəlxalq nəzarət mexanizmində iddialılığını ortaya qoyur.
Rusiyaya gəlincə, o, “Zəngəzur dəhlizi” ifadəsini işlətmir, onun sözlərlə manevri elə koridorun hansı gücün kölgəsi altında fəaliyyət göstərmək uğrunda mübarizəni qeyd etməyə imkan yaradır.
Rusiya dəhliz üzrə nəzarət mexanizmi yaratmaqda, nəqliyyat-kommunikasiya yolu boyunca öz qoşun birləşmələrini yerləşdirməkdə maraqlı tərəf kimi görünür.
Qərb isə tənzimləyici mexanizmi qoşun yerləşdirməklə həyata keçirmək prinsipindən qaçır, lakin alternativ tətbiqləri masada saxlayır.
Burada Avropa İttifaqı, ABŞ-Böyük Britaniya ikilisi və Fransa vahid yanaşmadan çıxış etmirlər. Qərbdəki gizli mübarizədə Avropa İttifaqı məxfi provokativ gündəlik formalaşdırmır, o, regional münasibətlərin məcrasını praqmatik axara doğru dəyişməyə çalışır.
Yerdə qalanların bir-birilə açıq-gizli mübarizəsi, bu rəqabətə kənardan başqa oyunçuların – Hindistanın, Çinin, İranın – qoşulması Azərbaycan-Ermənistan danışıqlar prosesini qaraltmağa yardımçı olur.
Rusiya isə tamamilə ayrı fazadır, o, regionda qalıcılığını hərbi vasitələr hesabına saxlamaq istəyir və bu istəyinin üzərinə nəqliyyat-kommunikasiya terminləri ilə pərdə çəkir.
Rusiya Azərbaycanın Qarabağ zonasına müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin fəaliyyəti üçün zəminlərin aradan qalxdığını gördükcə və onların mandatının bitməsinə üç ildən az vaxt qaldıqca, regional iştirak səviyyəsini fərqli fazaya keçirməyə cəhd edir.
Rusiya Azərbaycan-Ermənistan sərhədində gələcək mövcudiyyəti üçün parlaq zəmin görür və prosesləri Zəngəzur dəhlizi üzrə parametrlərin tərkibinə gətirir.
Kreml regional ali məqsədlərinə çatmaq üçün müxtəlif platformalar vasitəsilə genişlənmə və yayılma yollarını axtarır.
Moskva həmin marşrutu özünün region üçün böyük planlar üzrə layihəsi olan milyarder Ruben Vardanyanın da üzərinə yük qoymaqla çəkmək istəyir.
Vardanyan Rusiyanın bədxassəli təsir kampaniyasında yer alır, lakin o, Qərb üçün çirkli pulların yuyulması əməliyyatında mövqelənən vasitəçidir.
Ancaq Vardanyan daha çox Rusiyanın strateji layihəsidir, Moskvanın regional gündəliyi üzrə təlimatlarını icra edən şəxsdir, görünür ki, bu fəaliyyət sferası Qarabağdan Ukraynaya qədər geniş arealı əhatə edir.
Maraqlıdır, görəsən, Qarabağla başlayan yeni missiya Ukraynaya hansı sirayətləri edir ki, Kiyev Vardanyanın saxlanılmasında və ya onun hansısa NATO ölkəsinin səlahiyyətlilərinə təhvil verilməsində təkid edir?
Ukraynanın rəsmi versiyasını kənara qoyub başqa iz axtarsaq, ilk olaraq ağlabatan variant kimi bunu səsləndirə bilərik ki, Vardanyan öz hərəkətləri ilə Qərbin də strateji cizgilərini tapdalayan addımların icraçısına çevrilir.
Ukraynanın etdiyi çağırış isə Azərbaycanın da xeyrinədir, çünki Vardanyanın cəzalandırılmasında Bakı da maraqlıdır.
Sərhəddəki insidentlərlə başlayan hadisələr və onlara verilən informasiya dəstəkləri, ardınca “EU Reporter” nəşrinin “Avropa İttifaqı üçün təhlükə: Putinin əlaltısı Cənubi Qafqazda müharibəyə hazırlaşır” başlıqlı məqaləsi ilə aydınlaşdırıcı xüsusiyyətlər üzə çıxa bilər.
Hər bir halda, Azərbaycanla Ermənistan razılaşmalara yaxınlaşdıqca sərhəddəki sabitliyin pozulma şanslarının artacağını proqnozlaşdırmaq mümkündür.
Geosiyasi risklər artdıqca Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik məsləhətləşmələri apardıqdan, tərəfdaşları ilə uzlaşdırıcı mövqelər tapdıqdan sonra sərhəddə genişmiqyaslı əməliyyatlara start verə bilər.
Aqşin Kərimov