• Şb. Noy 30th, 2024

“Vətəndaşın qanuni etiraz hüququnun istismar edilməsi yolverilməzdir” – RƏY + FOTO

ByYenigun.news

İyl 12, 2023


“Biz bilirik ki, vaxtaşırı bəzi daxili və xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər. Əlbəttə, vətəndaşın qanuni etiraz hüququnun istismar edilməsi yolverilməzdir”.

Bunu “Report”a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“İyulun 11-də Azərbaycanın Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Şübhəsiz ki, bu sırada ölkəmizin sosial-iqtisadi inkişafı, ordu quruculuğu, böyük qayıdış işlərinin davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər kimi xüsusi strateji əhəmiyyətli məsələlərlə bərabər enerji sektorunda baş verən yeniliklər, o cümlədən son günlərdə ölkə daxilində qeydə alınan bəzi hadisələrə münasibət də ölkə başçısının çıxışında öz əksini tapdı. Hər şeydən öncə qeyd etmək lazımdır ki, hazırda bütün dünyada postpandemiya iqtisadi dövründən danışılır və bu mərhələ xüsusi iqtisadi bərpa mərhələsi kimi səciyyələndirilir. Bu kontekstdə aydın oldu ki, bir sıra göstəricilərə görə Azərbaycan qısa müddətdə olduqca yaxşı nailiyyətlər əldə etməyi bacarıb. Bu isə vətəndaşlarımızın sosial rifahı, Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin daha da sürətləndirilməsi işinə öz töhfəsini verib. Büdcəyə yenidən baxılıb və əlavə gəlirlərin dərhal böyük qayıdışın təmin edilməsi, ordu quruculuğu kimi strateji istiqamətlərə yönləndirilməsi təmin edilib. Şübhəsiz ki, hər iki istiqamət olduqca vacib istiqamətlərdir ordu təminatı və təchizatı, yeni kadr komplektləşməsinin həyata keçirilməsi hazırkı mürəkkəb tarixi mərhələdə milli təhlükəsizliyimizin təmin edilməsi baxımından ən aktual istiqamətdir. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən iki il yarım keçməsinə baxmayaraq, hələ də sülhü əldə etmək mümkün olmayıb. Bunun səbəbi isə Ermənistanın revanşist cəhdləri və ona xaricdən verilən dəstəkdir. Belə olan halda Azərbaycan daima öz hərbi-siyasi hazırlığını ən yüksək səviyyədə qorumağı bacarmalıdır ki, Azərbaycan Prezidenti də Ali Baş Komandan kimi ordumuzun gücləndirilməsi məsələlərinə toxunarkən elə bunları nəzərdə tuturdu”, – deputat vurğulayıb.

O qeyd edib ki, güclü olmağın əsas təminat komponentlərinin biri də ölkə daxilində sabitliyin olmasıdır:

“Biz bilirik ki, vaxtaşırı bəzi daxili və xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər. Elə bu yaxınlarda Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələri də öz təbii məqsədlərindən çıxarıb bundan istifadə etməyə başladılar. Azərbaycan polisinin asayişi qorumaq vəzifəsini yerinə yetirməsini polisimizə qarşı qarayaxma kompaniyasına çevirmək istədilər. Ancaq bunların heç biri baş tutmadı. Azərbaycan Prezidenti bunlara da münasibət bildirərək vətəndaşlarımızın dinc və haqlı etirazlarına dəstək verdi. İstənilən vəziyyətdə öz vətəndaşının haqlı mövqeyinin yanında olduğunu sübut etdi. Hadisələrin bu həddə çatmasında xidməti olan dövlət qurumunun yarıtmazlığından danışdı. Və lazımi tədbirlərin görüləcəyini bildirdi. Ancaq bununla belə bu dinc aksiyanı Azərbaycan dövlətinə və dövlət qurumlarına qarşı kompaniyaya çevirmək istəyən təxribatçı qruplara da xəbərdarlıq etdi. Əlbəttə, vətəndaşın qanuni etiraz hüququnun istismar edilməsi yolverilməzdir. Xaricdəki və daxildəki bəzi marginal qruplar bunu qəsdən edirlər. Belə mövqe Azərbaycan dövlətinə qarşı olan mövqedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir