• Şb. Noy 30th, 2024

Regional təhdidlərə çevik reaksiya: İlham Əliyev hərbi qüdrətimizin önəmindən bəhs edir – ŞƏRH

ByYenigun.news

İyl 12, 2023


Azərbaycanın hərbi qüdrəti artır və dövlətin Silahlı Qüvvələrinin regional təhlükəsizlikdəki rolu getdikcə güclənir.

Prezident İlham Əliyevin 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı belə deməyə əsas verir.

İlham Əliyev qeyd edib: “Beynəlxalq vəziyyət bəllidir. Mənim uzun illər dediyim sözlər bu gün əyani şəkildə özünü büruzə verir. Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Biz həmişə hüququn tərəfdarı idik, o cümlədən beynəlxalq hüququn. Biz həmişə ədalətin tərəfdarı idik. Bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik. Həm bir ölkə kimi, həm də 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının sədri kimi və nazirlər səviyyəsində son toplantı bir daha onu göstərdi”.

Beynəlxalq münasibətlər sistemində qaydaların pozulduğu, beynəlxalq hüququn işləmədiyi, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə məhəl qoyulmadığı şəraitdə ən yaxşı variant ordunu gücləndirməkdir.

Çünki beynəlxalq hüququn təminatçısı rolunda çıxış edən böyük dövlətlər tərəfindən bu hüququn pozulduğu bir dövrdə güclü olmaq zərurətə çevrilib.

Azərbaycan da özünün Silahlı Qüvvələrini təkmilləşdirməklə regional təhdidlərə çevik reaksiya vermiş olur.

Silahlı Qüvvələrimiz regiondakı ambisiyaları neytrallaşdıran gücə sahibdir. Bu güc Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrin peşəkarlığı, xalqın iradəsi və Ordunun ən müasir silahlarla təmin edilməsi sayəsində ayaqdadır.

Ordunun modernləşdirilməsi bundan sonra da davam edəcək. İlham Əliyev bildirib ki, bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir.

Deməli, Ordu ilə bağlı prioritetlər sürətli şəkildə icra edilir.

“İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir”, – deyə İlham Əliyev qeyd edib.

Ordunun gücü imkan verir və imkan verəcək ki, Azərbaycan öz maraqlarına uyğun siyasətini davam etdirsin. Yəni Azərbaycanın hərbi gücü, ordu qüdrəti xarici siyasəti təmin edən əsas faktorlardan biridir.

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir