Albaniya Prezidenti Bayram Beqayın Bakıya son səfəri Azərbaycan və Albaniya mətbuatında hələ də müzakirə olunur. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Albaniyadan olan həmkarı ilə görüşündə qeyd edib ki, hazırda ölkələrimiz yaxın dost və qardaş kimi fəaliyyət göstərirlər: “Əməkdaşlığımızın perspektivləri, doğrudan da, çox parlaqdır, çünki çox möhkəm təməl var – bu, dostluğumuz və qarşılıqlı maraqlarımızdır”.
Tanınmış alban tarixçisi, politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Olsi Yazeci Oxu.Az-a müsahibəsində qeyd edib ki, Albaniya ilə Azərbaycan arasındakı əlaqələrin, həqiqətən də, çox böyük və tarixi kökləri var:
– Hər iki ölkənin ortaq türk irsi var. Albaniya Prezidenti Bayram Beqayın adı və soyadı türk köklərinə malikdir. Bizim də çoxlu ortaq tarixi ənənələrimiz, dillərimizdə ümumi sözlər var. Həm Albaniya, həm də Azərbaycan Osmanlı, türk mədəniyyətinin təsiri altında olub və altındadır.
Hazırda həm Albaniya, həm də Azərbaycan Türkiyənin Balkan yarımadasında və Qafqazda müttəfiqləri kimi mühüm rol oynayırlar. Albanlar da azərbaycanlılar kimi, Türkiyəni əsas müttəfiqi hesab edir, regional mübahisələrdə ona dəstək verirlər.
Bundan əlavə, Albaniya ilə Azərbaycan arasında enerji sahəsində mühüm əlaqələr var. Bir neçə il əvvəl fəaliyyətə başlayan və Azərbaycandan təbii qazı Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyaya nəql edən Transadriatik Qaz Boru Kəməri (TAP) enerji təhlükəsizliyinin mövcud olduğu bir dövrdə hər iki ölkə üçün əhəmiyyətli investisiya kimi qiymətləndirilir. Albaniya Azərbaycanla əməkdaşlığı gücləndirməyə çalışır və Qərbi Avropa üçün enerji təhlükəsizliyi meydançası olmaq istəyir.
Tiranada Azərbaycan səfirliyinin açılması və Albaniyanın 2023-cü ildə Bakıda diplomatik nümayəndəlik açmaq planları iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın möhkəmlənməsinə sübutdur. Azərbaycan Albaniyaya (və əksinə) siyasi, iqtisadi və enerji baxımından lazımdır. Albaniyanın, həmçinin, azərbaycanlı turistlərə, qaza və enerjiyə ehtiyacı var.
– Balkan yarımadasında, xüsusən də bir neçə yüz türk hərbçinin NATO bölmələrinin tərkibində xidmətə dəvət olunduğu Kosovoda ənənəvi olaraq mürəkkəb vəziyyət hökm sürür. Tirana və Bakı vəziyyəti həll etməyə və serblərlə kosovolu albanlar arasında gərginliyi azaltmağa kömək edə bilərlərmi?
– Tirana və Bakının serblərlə Kosovo albanları arasında gərginliyin həllinə əhəmiyyətli köməklik göstərə biləcəyinə əmin deyiləm, çünki Serbiya ilə Kosovo arasında münaqişə mürəkkəbdir, siyasi, tarixi və dini köklərə malikdir. Serbiya-Kosovo münaqişəsinin əsas oyunçuları Kosovoda qanun və asayişi təmin edən Şimali Atlantika Alyansı, həmçinin Priştina, Belqrad və Rusiya hökumətləridir.
Nair Əliyev