• Şb. Noy 30th, 2024

İndiyə qədər Qarabağdakı və Şərqi Zəngəzurdakı SES-lərdə 110 milyon kilovat-saat enerji istehsal olunub – FOTO

ByYenigun.news

İyl 14, 2023


İşğaldan azad edilən ərazilərdə “AzərEnerji” tərəfindən 2020-23-cü illərdə 11 yerdə yenidən qurulan və bərpa edilən kiçik su elektrik stansiyalarında indiyədək ümumilikdə 110 milyon kilovat-saat (kVt/s) hidro yaşıl enerji istehsal olunub.

Oxu.Az xəbər verir ki, müqayisə edilsə, əsasən, Kəlbəcər və Laçın rayonlarındakı bolsulu, iti axan çaylar üzərində yerləşən, ümumi gücü 53 meqavat olan bu 11 kiçik su elektrik stansiyasında istehsal edilən enerji ölkənin digər yerlərindəki azsulu, ümumi gücü 74 meqavat olan 13 kiçik su elektrik stansiyasından iki dəfə daha məhsuldardır.

Digər tərəfdən, işğaldan azad olunan ərazilərdəki bolsulu çaylar üzərində yerləşən kiçik su elektrik stansiyalarında hər kilovat-saata görə istehsal edilən enerjinin maya dəyəri də ölkənin digər yerlərindəki azsulu kiçik su elektrik stansiyalarından daha sərfəlidir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən bu günə kimi işğaldan azad olunan ərazilərdə 11 yerdə su elektrik stansiyası yenidən qurularaq bərpa edilib və hazırda Kəlbəcər, Laçın və Zəngilanda yeddi yerdə tikintisi aparılan su elektrik stansiyalarında işlər yaxın aylarda yekunlaşacaq.

Eləcə də Kəlbəcər və Laçında daha doqquz yerdə su elektrik stansiyalarının tikintisinə başlanılıb.

Bütün su elektrik stansiyalarının hər birində çayın 50% təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları çayın axınıyla paralel quraşdırılır və borudan çıxan su da təkrar çaya buraxılır. Bütün yerlərdə su ehtiyatlarından səmərəli istifadə olunması, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarəolunan su qəbulediciləri tikilir.

Çayda ekoloji axını avtomatik tənzimləyən və suyun həcmi az olduqda ətraf mühitin mühafizəsi məqsədilə özünü dayandıran Avropa istehsalı olan ekoturbinlər quraşdırılır.

Eyni zamanda, tikinti zamanı aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış şəkildə təbii mühitin, flora və faunanın qorunması da xüsusi diqqətdə saxlanılır.

Ümumilikdə, bu günə kimi “AzərEnerji” tərəfindən yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək 27 su elektrik stansiyasının ümumi gücü 200 mVt-a yaxın olacaq və nəticədə ildə 600 milyon kilovat-saat ekoloji cəhətdən təmiz hidro yaşıl enerji istehsal ediləcək.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir