“Erməni vandallar tərəfindən təhqir olunmuş dini abidələrimizin bərpası işləri də sürətlə davam etdirilir və məscidlərimizin, qəbiristanlıqların vəhşicəsinə dağıdılması ilə bağlı faktlar müvafiq beynəlxalq təşkilatlara təqdim edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Qarabağ böyük iqtisadi potensiala malikdir:
“Xüsusən də bioloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, mədən sənayesi, turizm potensialına görə unikal ərazilər hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, vergi güzəştlərinin, sosial sığortanın və digər güzəştlərin tətbiqi, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotalarının müəyyən edilməsi və iş icazələrinin verilməsi qaydasının təkmilləşdirilməsi, ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi, yaşayış massivlərinin tikintisi ilə bağlı dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı güzəştlərin təmin olunması tapşırılıb.
Artıq investisiya layihələri üzrə fəaliyyətə başlayan layihələrin sayı 80-ə yaxındır. Bunlar, əsasən, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sektorlarını əhatə edir”.
Azərbaycan Sahibkarlar Konfederasiyası üzv olduğu İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası ölkələrinin investorlarını da Qarabağda əməkdaşlığa dəvət edib.
Qeyd edək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin ərazisi 31,8 milyon kvadratkilometrdən çoxdur. Dünyanın quru sahəsinin 6,2%-i bu dövlətlərin payına düşür. Üzv ölkələrin əhalisi 1 milyard 900 milyon nəfərdən çoxdur, bu isə dünya əhalisinin 23,8%-i deməkdir. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumi daxili məhsulunun həcmi doqquz trilyon dollardan çoxdur. Bu isə qlobal ümumi daxili məhsulun 9%-ni təşkil edir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 18%-i və ya 9,3 milyard ABŞ dolları İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin payına düşür.
İlhamə Əbülfət