Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek G20 toplantılarına qatılmaq üçün getdiyi Hindistanda ABŞ-nin maliyyə naziri Canet Yellen ilə görüşüb.
Görüş 45 dəqiqə çəkib. M.Şimşeyi Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Hafize Qaye Erkan müşayiət edib.
Görüş zamanı iki ölkə arasında iqtisadi və ticari əməkdaşlıq imkanlarının inkişafı istiqamətində atılacaq addımların müzakirə edildiyi bildirilir. İki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması hədəflənir.
Sentyabrın 19-da ABŞ-də Türkiyə İnvestisiya Konfransı da keçiriləcək. Şimşeyin bu görüşdə amerikalı investorlarla görüşü və sualları cavablandırması planlaşdırılır. Görüşdə ABŞ investorları və türk şirkətləri də bir araya gələcəklər.
Mənbə: “Anadolu”