• C. Noy 29th, 2024

Siyasi ekspert: “İkinci Qarabağ müharibəsi Rusiyanın Ukraynaya müdaxiləsini gecikdirdi”

ByYenigun.news

İyl 19, 2023


“Rusiyada qarşıdurmanın kimlər arasında getdiyinə diqqət yetirin. Bu, çox vacib məqamdır. “Qırğılarla” “radikallar” bir-biri ilə vuruşurlar. Yəni “müharibə partiyası” ilə “total müharibə partiyası” istəyənlər arasında qarşıdurma var. Şərti olaraq desək, Yevgeni Priqojin, “Vaqner”ə meyil edən generallar total müharibə tərəfdarlarıdır. Və onlar özlərini bu qanlı faciəni başlayan Kremlin “müharibə partiyası”na qarşı qoyurlar”.

Bu sözləri Oxu.Az-a açıqlamasında tanınmış ukraynalı siyasi ekspert, Ukrayna Siyasət İnstitutunun direktoru Ruslan Bortnik deyib.

Rusiyada generalların silsilə istefalarını, həmçinin Rusiyanın daxilində xaotik prosesləri şərh edən ekspert hesab edir ki, yuxarıda adları çəkilən iki qrupun müharibəyə yanaşması fərqlənir:

“Kreml partiyalarından biri hesab edir ki, müharibəni “az qan axıtmaqla” aparmaq və bunun müqabilində iqtisadiyyatı qoruyub saxlamaq lazımdır. Digəri isə, şərti olaraq “Priqojin tərəfdarları” total müharibə və nüvə silahının istifadəsini tələb edir. Liberal, demokrat siyasi qüvvələr isə Rusiya Federasiyasında mövcud deyil”.

Ruslan Bortnik Rusiya tarixində baş vermiş hərbi üsyanlara da toxunub:

“Buna misal olaraq yaxın tarixdə – 1991-ci ildə baş vermiş “QKÇP” qiyamını göstərmək olar. Bu hadisələrin nə ilə nəticələndiyi hamıya məlumdur. 1917-ci il hərbi qiyamları Rusiya İmperiyasının süqutuna və Sovet İmperiyasının yaranmasına səbəb oldu. Amma son illərdə Belarus və Qazaxıstanda baş verən üsyanlar yalnız bu ölkələrdə mövcud hakimiyyətin güclənməsinə səbəb oldu. Ancaq bir üsyan, xüsusən də yatırılmış bir üsyan həmişə problemlərin gələcəyə təxirə salınmasına, hakimiyyətin isə vintləri daha çox sıxmasına səbəb ola bilir. Bütün bunlar çox mürəkkəb məsələlərdir. Bəs Rusiyada hadisələr necə cərəyan edəcək? Mənim buna dəqiq cavabım yoxdur”.

Ukraynalı siyasi ekspert Cənubi Qafqazdakı məsələləri, ağır məğlubiyyətlə üzləşən Ermənistanın hələ də sülhə gəlmək istəməməsini şərh edib:

“Bu, vəziyyət dəyişənə qədər gözləmək istəyi də ola bilər. Ermənistanda ictimai rəyin daha bir amili olan xarici diaspor var. Erməni siyasətçiləri üçün Azərbaycanın şərtlərini qəbul etmək intihardır. İrəvan İkinci Qarabağ müharibəsinin nəticələrinin siyasi təsbitinə dəstək vermək istəmir. Amma sizə daha çox deyim, ola bilsin ki, İkinci Qarabağ müharibəsi Rusiyanın Ukraynaya müdaxiləsini vaxtında gecikdirdi. Qarabağ müharibəsi və ondan sonrakı hadisələr Ukraynaya qarşı istifadə oluna bilən resursların, ehtiyatların bir hissəsini Rusiyanın əlindən aldı. Burada hər şey bir-birinə bağlıdır”.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir