• Be. Noy 25th, 2024

Fransa liderlərinin “qara pul” əməliyyatları: Ermənistan Rusiyanın orbitindən çıxacaqmı?

ByYenigun.news

Sen 6, 2023


Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

2011-ci ildə Afrika üzrə tanınmış ekspert, bir neçə Fransa prezidentinin “qara qitə” işləri ilə bağlı müşaviri olmuş Rober Burji sabiq rəhbərlərinin afrikalılardan rüşvət almalarına dair sensasiyalı iddia ilə çıxış etdi. “Journal de Dimanche” dərgisi vasitəsilə ictimailəşən məlumata görə, Fransa prezidentləri Afrikadakı müstəmləkə liderlərindən mütəmadi olaraq yüksək məbləğdə rüşvət alıblar. Bu vəsaitlər adəti üzrə seçki kampaniyalarına xərclənib. Sözügedən “qara pullar” çox vaxt belə bir klassik ssenari ilə “buxarlanır”. Parisin hətta beynəlxalq imicinin ləkələnməsi bahasına müstəmləkələri ilə qaranlıq maliyyə əməliyyatlarına bulaşması yenilik deyil. Ancaq keçmiş müşavir necə deyərlər, “sandığı açıb, pambığı tökmüşdü”: Afrika diktatorlarının Yelisey sarayına rüşvət göndərmə prosesində şəxsən vasitəçilik etdiyini bildirirdi. 

Fransanın Afrikadakı müstəmləkələri ilə əlaqələri “Fransafrika” formatında tənzimlənir. Bu, rəsmi qurum deyil. Burada daha çox dövlətlər yox, liderlərarası məxfi münasibətlər yoluna qoyulur və ictimai diqqətdən gizli saxlanılır. Afrika diktatorları ehtiyac halında Fransa prezidentlərinin hər cür dəstəyinə arxayın ola bilirlər. Bu gün izlədiyimiz proseslər, yəni bir sıra Afrika ölkələrində mövcud rejimlərə qarşı xalq hərəkatlarında rəsmi Parisin nədən diktatorları müdafiə etməsi ətrafında sualların cavabı da məhz “Fransafrika”dadır.

Burjinin dediyi rüşvət Parisə idman çantaları, suvenir zərb alətləri, rəsm əsərlərinin içində gətirilirmiş. Afrika üzrə digər ekspert Jan-Fransua Probst əmindir ki, bu mexanizm Fransanın bütün dövlət başçılarının hakimiyyətləri illərində davam edib. Burji rüşvət verənlərin sırasında Deni Sassu-Nqassonun (Konqo), Abdulay Vadın (Seneqal), Bleza Kompaorenin (Burkina-Faso), Ömər Bonqonun (Qabon), Loran Qbabqonun (Kot-d-İvuar) adlarını çəkir. Burjinin iddiasını L.Qbaqbonun köməkçisi olmuş Bernar Uden də təsdiqləyir. Udenin sözlərinə görə, onun Yelisey sarayına göndərdiyi məbləğ 3 milyon avro təşkil edirmiş. “Şirakla de Vilpen pulları mənim gözlərim qarşısında sayırdılar”, – deyən Burji iddia edir ki, ümumilikdə sabiq prezident Şiraka 8 il ərzində Afrikadan 20 milyon dollaradək pul gətirib. Özü də bu proses Şirakdan əvvəl – Jorje Pompidu, Valeri Jiskar və Fransua Mitteran dövründə də olub. 

Keçmiş müşavir bu sensasiyalı və ifşaedici açıqlamaları verəndə Fransanın prezidenti Nikola Sarkozi idi. Burji Sarkozinin belə əməllərə bulaşıb-bulaşmaması barədə məlumatsız olduğunu bildirsə də, Probst deyirdi ki, “Sarkozinin gəlişi ilə heç nə dəyişməyib”. Şirakın yaxın adamı olmuş Mişel de Bonkorsun sözlərinə görə, jurnalist Pyer Pean Burjinin daxili işlər naziri olan Sarkoziyə pulla dolu çamadanlar verdiyini öz gözləri ilə görüb. Prinsipcə, Sarkozinin prezidentlik dövründə də çirkli əməliyyatlardan kənarda olmadığına bütün dünya Liviyada baş verən proseslər zamanı şahidlik etdi. 

Əgər Fransa Afrikadakı dayaqlarını sürətlə itirirsə, ənənəvi istiqamət olmayan Cənubi Qafqazda intensiv şəkildə möhkəmlənməkdədir. Ermənistan “Fransafrika”ya daxil olmasa da, görünür, iki ölkə arasında bu kimi məsələlər hansısa formatda həll olunur. Afrika liderlərini rüşvət müqabilində vəzifələrində saxlayan Parisin Ermənistana da eyni düsturu tətbiq etməsi mümkündürmü? Məsələn, Fransadakı erməni diasporu vasitəsilə. Rəsmi Yerevanın NATO-nun sabiq baş katibi Rasmussenlə pullu xidmət müqaviləsi bağladığını nəzərə alsaq…

Afrikada anti-Fransa trendinin əsas təmsilçisi Niger Avropa dövlətlərinin urana olan ehtiyaclarının 24 faizini təmin edir. Ekspertlərin hesablamalarına görə, bu göstəricinin böyük qismi Fransanın payına düşür, özü də müftə. Fransa daxili ehtiyaclar üçün enerjini əsas etibarilə uranla işləyən atom elektrik stansiyalarından əldə edir. Metropoliyaya xüsusi rəğbəti olan devrilmiş prezident Məhəmməd Bazum hakimiyyətinin toxunulmazlığını tək rüşvət deyil, həm də Fransaya verdiyi pulsuz uranla təmin edirdi. Ermənistanda hazırda hakimiyyətdə olan qüvvələr tez-tez Koçaryan-Sarqsyan ikilisini iqtisadiyyatı, əsasən də istehsal sahələrini və gəlir gətirə biləcək enerji, qaz təchizatı sistemlərini, dəmiryolu sektorunu Rusiyaya satmaqda günahlandırırlar. Koçaryanın müəllifi olduğu bu mexanizm (“Borc əvəzinə əmlak”) nəticəsində Rusiyanın hakim dairələrinə yaxın şəxslər və şirkətlərə peşkəş edilmiş obyektlərin çoxu hələ də fəaliyyətsiz qalmaqdadır. Həmin müəssisələr perspektiv üçün Fransaya vəd edilə bilərmi? Yaxud artıq edilibmi? Paşinyanın hazırkı anti-Rusiya ritorikası bu ssenarini istisna etmir. 

Fransa Paşinyan Ermənistanının əsas siyasi sponsoru olsa da, iqtisadi münasibətlərin də belə məhsuldar olduğunu iddia etmək çətindir. Parisin Bakı ilə olan ticarət dövriyyəsi fonunda bu göstərici ümumiyyətlə, gülünc təsir bağışlayır. 2022-ci ilin statistikasına əsasən, ölkələr arasındakı ticarət mübadiləsi cəmi 122 milyon 482 min dollarla kifayətlənib. Bu, Ermənistanın ümumi ticarət dövriyyəsi strukturunun 0,9 faizini təşkil edir. 2022-ci ildə Ermənistanın Fransaya ixrac payı nə az, nə də çox – 9 milyon 839 min dollara bərabər olub. Diqqət, ikitərəfli iqtisadi əlaqələrə dair ən maraqlı məqam isə budur: Ermənistanın iqtisadiyyat naziri Van Kerobyanın sözlərinə görə, tərəflər mövcud statistikanın 10 qat artığına nail olmaq istəyirlər. Hansı yolla? Maraqlı sualdır. 

2022-ci ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 4 milyard dolların üstündə olub. Bu, 2021-ci ilə nisbətən 77 faiz artım deməkdir. Düzdür, Qərb mediasında ara-sıra Ermənistanın Rusiyaya gedən qadağan edilmiş məhsullar üçün tranzit xidmətlər görməsi və büdcədəki artımın da bunun nəticəsi olması barədə məlumatlar dolaşır. Bununla belə, istənilən halda Rusiya ilə Fransanı Ermənistanın iqtisadi tərəfdaşları siyahısında eyni rəfə qoymaq mümkün deyil. Odur ki, Rusiyanın Ermənistandan çıxarılması tək hərbi-siyasi faktor deyil, həm də real iqtisadiyyatdır. Moskvanın Cənubi Qafqazı tərk etməsi fonunda Ermənistanda onunla rəqabət aparan qüvvə yalnız Fransadır. Paşinyan sentyabrın 17-də Yerevanda mer seçkilərini udsa, Ermənistanda Rusiya hərbi bazasının fransız sayğacı ilə əvəzlənməsi prosesi daha da sürətlənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir