Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Birinci və ikinci mərhələdə ümumilikdə 30 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib. 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 420 yer üzrə aparılıb.
Ümumiyyətlə, peşə təhsili müəssisələrində təhsil müddəti ali məktəblərə nisbətən qısadır. Az zamanda işçi bazarına kifayət qədər çox sayda işçi daxil olacaq.
Bəs görəsən, bazar bunu qarşılaya biləcəkmi? Ümumiyyətlə, burada tələb-təklif nə yerdədir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov tələbin təklifi üstələdiyini qeyd edib:
“Hesab edirəm ki, bu günlərdə əslində tələb təklifi üstələyir. Hazırda əmək bazarında təcrübəli işçilərə ehtiyac var. Çünki Qarabağda böyük abadlıq və quruculuq işləri həyata keçiririk. Bu səbəbdən peşə təhsilini daha da təşviq etməliyik. Elə etməliyik ki, gənclərimiz peşə təhsilinə daha çox yönəlsinlər”.
Deputat peşə təhsili pilləsi üçün ayrılan 25 420 yerin Azərbaycan üçün çox da böyük bir rəqəm olmadığını deyib:
“Düzdür, 30 000 müraciətin olması sevindirici bir haldır. Biz prosesi gücləndirməliyik. Çalışmalıyıq ki, diqqət daha çox peşə təhsili pilləsinə yönəlsin. Gənclərimizin bu istiqamətdə maraqlarını artırmalıyıq. Bu bizə ciddi bir imkan və üstünlük yaradacaq”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərovun sözlərinə görə, peşə təhsili pilləsinə dünyanın hər bir yerində böyük diqqət var:
“Peşə təhsili pilləsi dünyanın hər yerində böyük diqqət və maraq kəsb edir. Sovet dövründə peşə təhsili ilə bağlı heç bir uğur əldə olunmayıb. Bu, çox təəssüflər olsun ki, dünyaya mesaj vermək üçün aparılan sovet təbliğatı idi. O dövrlərdə peşə təhsili müəssisələrinə müəllim də cəlb etmək çətin idi. Bu da uğurlu nəticə vermədi”.
A.İsgəndərov son bir neçə ildə peşə təhsili pilləsi ilə bağlı qanun və qərarlar qəbul edildiyini söyləyib:
“Peşə təhsilinin cəmiyyətimizə müsbət tərəfi var. İşsizlər işə cəlb edilib. Sənətkar kimi yetişməsində müstəsna xidmətləri var. Ayrılan plan yerlərinin, əminəm ki, hamısı dolacaq.
Ölkəmizdə peşə təhsili ilə bağlı kifayət qədər işlər aparılır. Sentyabr ayının 18-də Milli Məclisdə peşə təhsili ilə bağlı məsələlər müzakirə olunacaq. Dövlət peşə təhsilinə önəm verir”.
“Sovet düşüncəsi ilə hamının ali təhsili olmalıdır. Yanlış düşüncədir. Bənna, dülgərə də ehtiyacımız var. Dünya təcrübəsində istifadə etməliyik. Mövcud əngəlləri aradan qaldırmağa çalışmalıyıq. İnkişaf etdirmək üçün şərait və imkan da var. Azərbaycanın ayrı-ayrı bölgələrində kifayət qədər peşə təhsilinə ehtiyac var”, – deyə A.İsgəndərov əlavə edib.
Nəzrin Vahid