“Azərbaycan reinteqrasiya prosesinin çevik və intensiv şəkildə reallaşması üçün bütün tədbirləri görür”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, lokal antiterror tədbirləri regionda separatizmə həlledici zərbə vursa da, qarşıda reinteqrasiya prosesinin reallaşdırılması istiqamətində ciddi vəzifələr dayanmaqdadır:
“Cari təmaslar deməyə əsas verir ki, Qarabağda qalaraq Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən ermənilər reinteqrasiya prosesinin əleyhinə deyillər, əksinə, hərbi xuntanın girovluğundan qurtulan erməniəsilli sakinlər məmnuniyyətlə Azərbaycan vətəndaşlığı üçün müraciət edirlər. Azərbaycan isə reinteqrasiya prosesinin çevik və intensiv şəkildə reallaşması üçün bütün tədbirləri görür. Lakin 30 il müharibə şəraitində yaşamış toplumların reinteqrasiyası üçün yalnız dövlət tərəfindən həyata keçirilən inzibati mahiyyətli tədbirlər kafi deyil.
Bu mənada prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi, vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması vacibdir. Lakin Qarabağda formalaşacaq institutlar, ilk növbədə, praqmatik şəxslərdən təşkil olunmalı, bu insanlar regionda fəlakətlərə yol açmış uydurma erməni miflərinin və saxtakar iddiaların təsirlərindən azad düşüncəyə sahib olmalıdırlar. İlk növbədə, onlar özləri reinteqrasiyanın yeganə şərt olduğunu dərk etməli, Qarabağın erməni sakinlərinin gələcəyinin yalnız Azərbaycan cəmiyyətinin bir hissəsi kimi mümkünlüyünü anlamalıdırlar. Bu gün əminliklə demək olar ki, ermənilərin Azərbaycan cəmiyyətinin bir hissəsi kimi yaşaması və mövcud tərəqqidən faydalanması önündə heç bir maneə yoxdur. Azərbaycan dövləti və cəmiyyətinin hədəfində heç vaxt “erməni” amili olmayıb. Biz ermənilərlə yox, etnik separatizm meyilləri, işğal və təcavüzlə mübarizə aparıb zəfər qazanmışıq”.
Milli Məclisin üzvü bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciət edərkən də ifadə etdiyi kimi, bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq:
“Bu, qalib lider tərəfindən ermənilərə ən ali səviyyədə verilən şansdır və Azərbaycan Prezidenti də niyyətində kifayət qədər səmimidir. Cari situasiyada Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi də məhz Azərbaycanın irəliyə baxdığını, dövlətimizin prosesdə qərarlı olduğunu göstərir. Reinteqrasiyaya start verildiyi indiki həssas mərhələdə Qarabağ ermənilərinin nümayəndələrinin Bakı və digər şəhərlərimizdə birbaşa təmaslarının isə etimad mühitinin formalaşması üçün çox səmərəli vasitə olacağı şübhə doğurmur. Bu mənada Qarabağda yaşamaq istəyən erməniəsilli insanlar şansı buraxmamalı, prosesə açıq gözlə baxmalıdır”.
B.Məhərrəmov vurğulayıb ki, antiterror tədbirlərinin gedişində və sonrakı dövrdə Azərbaycan hərbçiləri və polisinin davranışları da cəmiyyətin buna hazır olduğunu göstərir:
“Xocalıdan ayaqyalın, don vurmuş, yarımcan halda qaçmağı bacaranlardan fərqli olaraq, Qarabağda yaşamaq istəməyib köçənlərə göstərilən münasibət, onların gedişinin komfortlu formada təşkili, qocalara və xəstələrə ləyaqətli davranış bizim etnik düşmənçilik niyyətimizin olmadığını göstərir. Əksinə, rəsmi Bakı dayanıqlı birgəyaşayış və qarşılıqlı etimad mühitini təmin etmək üçün əlavə tədbir kimi humanitar fəaliyyətin birgə həyata keçirilməsini, Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən birgə xidmətin təşkilini əlavə imkan kimi məqbul hesab edir. Yəni Azərbaycanın reinteqrasiya təşviqatı kosmetik təbliğat tədbirlərini yox, köklü və dayanıqlı addımların reallaşdırılmasını nəzərdə tutur. Üstəlik, daha effektiv nəticə və davamlı sabit birgəyaşayış üçün inklüziv yanaşmaya hazırıq. Erməniəsilli sakinlərimiz də ötən 30 illik perioda nəzər salaraq bu tarixi şansı qaçırmamalıdırlar”.