• Ca. Noy 28th, 2024

Arayik Arutyunyanı hansı cəza gözləyir? – Komitə üzvü AÇIQLADI

ByYenigun.news

Okt 5, 2023


“Postmünaqişə dövrünün ən mühüm məsələləri sırasında müharibə canilərinin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması xüsusi əhəmiyyət daşıyır. İkinci Dünya müharibəsindən sonra formalaşan hüquqi mexanizm çərçivəsində soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin təqibi ilk növbədə milli səviyyədə həyata keçirilir”.

Bu barədə “Trend”ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

O qeyd edib ki, hətta 1998-ci ilin iyun-iyul aylarında Roma diplomatik konfransında Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması bu qaydanı dəyişməyib. Çünki beynəlxalq birliyin narahatlığına səbəb olan cinayətlərin təqibinə görə əsas məsuliyyət dövlətdaxili hüquq sisteminin üzərinə düşür.

“Bu mənada Azərbaycan uzun illərdən bəri Qarabağ regionu və ölkəmizin digər yerlərində sülh və insanlığa qarşı cinayət törətmiş şəxslərin cəzalandırılması üzrə zəruri tədbirləri həyata keçirərkən, eyni zamanda, dövlətlərin dünya birliyi qarşısında duran qlobal miqyasda qanunun aliliyi prinsipinin təmin edilməsinə ciddi töhfə verir.

Separatist rejimin rəhbərlərindən olan, qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında ən ağır cinayətlər törədən Arayik Arutyunyanın məsuliyyətə cəlb edilməsi bir daha əyani formada təsdiq edir ki, Azərbaycan müharibə canilərinin cəzasızlığına heç bir halda imkan verməyəcək və bu mənada ölkəmizin hüquq-mühafizə sistemi ən yüksək səviyyədə fəaliyyətini həyata keçirir. Həbs edilən qatı caniyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ittiham irəli sürülüb. Bunları şərti olaraq bir neçə kateqoriyaya bölmək olar:

Birincisi, beynəlxalq cinayətlər – təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama (maddə 100); silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma (maddə 116); silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə (maddə 117);

İkincisi, ağır transmilli cinayətlər – terrorçuluq (maddə 214); terrorçuluğu maliyyələşdirmə (maddə 214-1); terrorçuluq məqsədi ilə təlim keçmə (maddə 214-3);

Üçüncüsü, ümumi cinayət xarakterli xüsusilə ağır cinayət əməlləri – qəsdən adamöldürmə (maddə 120); cinayətkar birlik (təşkilat) yaratma (maddə 218); qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (maddə 279). Bu cinayət əməllərinə görə məsuliyyət müəyyən edən maddələrin sanksiyaları uzunmüddətli, yəni iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə o bildirib.

N.Səfərov, həmçinin əlavə edib ki, digər mühüm məsələ beynəlxalq cinayətlərə görə müddətlərin tətbiq edilməməsidir.

“Məlum olduğu kimi, BMT 26 noyabr 1968-ci ildə “Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə müddətlərin tətbiq edilməməsi haqqında” Konvensiya qəbul edib. Azərbaycan Respublikası həmin Konvensiyaya 1996-cı ildə qoşulub və onun tələblərini Cinayət Məcəlləsinin 75.5-ci maddəsində implementasiya edib. Həmin maddəyə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. Ən yüksək beynəlxalq standartlara cavab verən milli cinayət qanunvericiliyi imkan verir ki, soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri, terrorçuluq və başqa ağır əməllər törədən heç bir şəxs cəzasız qalmasın”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir