“Avropa Parlamentinin Azərbaycan və Türkiyə əleyhinə qərəz ifadə edən məsuliyyətsiz və məlumatsız qətnaməsi ciddi qəbul olunmamalıdır”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, İyi Partiyanın Adanadan seçilmiş millət vəkili Bilal Bilici deyib.
Deputat BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə müxtəlif tarixlərdə verdiyi 822, 853, 874 və 884 saylı qətnamələrini xatırladaraq deyib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi, təcavüzkar, işğalçı tərəf olduğu dəfələrlə bəyan edilib, sübuta yetirilib.
B.Bilici Ermənistanla münasibətlərin normallaşması prosesini həyata keçirməyə və bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə verməyə çalışan Türkiyənin ittiham olunmasına da etirazını bildirib:
“Əsassız, haqsız və qeyri-ciddi xarakter daşıyan ittiham rədd olunmalıdır. Səlahiyyət müddəti başa çatmaqda olan Avropa Parlamentinin yeni tərkibinin ədalətli olacağına ümid edirik”.