“Geosiyasi maraqların üst-üstə düşməsi bir daha sübut edir ki, Azərbaycan və Gürcüstan təkcə regionda yox , qlobal arenada da strateji tərəfdaş və yaxın dost ölkələrdir”.
Bunu “Report”un yerli bürosuna hərbi-siyasi ekspert Vaxtanq Maysaya deyib.
Onun sözlərinə görə, ölkə liderlərinin görüşündə diqqət çəkən fakt Azərbaycan və Gürcüstanın birlikdə regionda irəli sürdükləri sülh təşəbbüsləri idi:
“Eləcə də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, Azərbaycan biznesinin Gürcüstan ərazisinə cəlb edilməsi və beynəlxalq arenada birgə fəaliyyət dünənki səfərin prioritet mövzularından idi”.
Gürcüstan Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir.
“Bu görüşdə geoiqtisadi maraq Orta dəhlizin inkişafı məsələsidir. Bu, logistika imkanları baxımdan çox əhəmiyyətlidir. Çünki Çindən gələn məhsullar “Bir kəmər, bir yol” prinsipi ilə Avropaya gedə biləcək. Burada bizim ölkələrin birbaşa maraqları var”, – deyə ekspert əlavə edib.