Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi həkim-pediatr, şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərov olub.
O, ata-anasının hələ uşaq vaxtlarında Qərbi Azərbaycanın Göyçə mahalından – Basarkeçər rayonunun Nərimanlı kəndindən məcburən köç etməsindən, Azərbaycanın Göygöl rayonunda məskunlaşmasından söhbət açıb. Bildirib ki, ötən əsrdə soydaşlarımız ermənilər tərəfindən məqsədli şəkildə sıxışdırılıb, deportasiyalara, kütləvi qətliamlara məruz qoyulub. “Ermənilər azərbaycanlılara qarşı hər cür vəhşiliyə əl atırdılar” – söyləyən müsahib valideynlərinin ailələrinin də bu təzyiq və təhdidlərlə üz-üzə qaldığını, məcburiyyət qarşısında öz əzəli yurdlarını tərk etdiyini vurğulayıb.
R.Əsgərov 8-ci sinfə qədər Nərimanlı kənd orta məktəbində təhsil aldığını diqqətə çatdırıb. Söyləyib ki, uşaqlıq illərinin ən gözəl çağları Göyçə mahalında keçib. O, kənd əhalisinin məşğulluğundan, biri-birinə xoş münasibətindən, milli-dini adət-ənənələrə bağlılığından, elmə və təhsilə olan marağından da danışıb. Qeyd edib ki, Nərimanlı kənd orta məktəbinin müəllimləri şagirdlərə qarşı yüksək tələbkarlığı ilə seçiliblər. Onlara bu işdə valideynlər də böyük dəstək olublar. Bu tələbkarlığın nəticəsi olaraq, hər il məzunlarının mütləq əksəriyyəti ali təhsil müəssisələrinə daxil olub, tələbə adını qazanıb.
Kəndin tarixiliyinə diqqət çəkən müsahib yaşayış məntəqəsinin ərazisində qədim Alban qəbirlərinin, tarixi abidələrin olduğunu dilə gətirib. Bildirib ki, ermənilər yeni məktəb binası tikmək adı ilə bu tarixi abidələrin çoxunu dağıdıb, məhv edib, bəzisini isə özününküləşdiriblər. R.Əsgərov erməni həkimlərinin azərbaycanlılara münasibətinə də toxunub. Söyləyib ki, Basarkeçər rayon xəstəxanasına müalicə, yaxud əməliyyat üçün müraciət edən soydaşlarımıza erməni həkimlər əsl cəlladlıq ediblər. Onun sözlərinə görə, 1980-ci illərin sonlarında rus əsgərlərinə arxalanan ermənilər daha da azğınlaşıb, azərbaycanlılarla istədikləri kimi rəftar edib, soydaşlarımızın deportasiyasına nail olublar.
R.Əsgərov ötən il sentyabrın 27-də İrandakı səfirliyimizdə terror hücumuna məruz qalaraq şəhidlik zirvəsinə ucalan oğlu Orxan Əsgərovdan, onun Qərbi Azərbaycana olan bağlılığından, Göyçə sevgisindən də danışıb. Deyib ki, O.Əsgərov Qərbi Azərbaycanı görməsə də əzəli torpaqlarımızla bağlı araşdırmalar aparıb, nə zamansa o yerlərə qayıtmaq ümidi ilə yaşayıb. Qeyd edib ki, yüksək ali təhsil alan, xidməti fəaliyyəti dövründə daim fərqlənən şəhid O.Əsgərov övladlarının da ali təhsilli olmasını arzulayıb. R.Əsgərovun sözlərinə görə, şəhidin qızı Aysu Əsgərli atasının ümidlərini doğruldub və hazırda Türkiyədə tibb sahəsi üzrə ali təhsil alır. Şəhidimizin oğlu isə məktəblidir.
Qərbi Azərbaycana qayıtmaq istiqamətində görülən işləri, atılan addımları yüksək qiymətləndirən şəhid atası, həkim-pediatr R.Əsgərov ata-baba yurdunun həsrətini çəkdiyini, gələcəkdə oraya qayıtmaq ümidinin hər keçən gün daha da artdığını vurğulayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: