İran bir çox istiqamətdə, o cümlədən hərbi sahədə Ermənistanın etibarlı tərəfdaşı olduğunu nümayiş etdirir. Azərbaycan torpaqları işğal altında olanda, II Qarabağ müharibəsi zamanı Tehran hakimiyyəti bir qədər həyalı davranır, İrəvanla bəzi əlaqələrini gizlətməyə çalışırdı. İran rəsmiləri Ermənistanla əlaqələri, ermənilərə hərbi dəstək vermələri barədə sualları ya cavabsız qoyur, ya da təkzib edirdilər.
2022-ci ildə Qarabağda separatçıların tör-töküntülərinə təlim keçmək üçün 14 nəfərlik iranlı təlimçinin qanunsuz olaraq Azərbaycanın suveren ərazilərinə göndərilməsi ilə bağlı rəsmi Bakının müraciətinə Tehran hələ də cavab verməyib.
44 günlük müharibə zamanı hərbi texnika və silah-sursat İrandan keçərək Ermənistana ötürülüb. İslam Respublikasının rəhbərliyi bunu hay-küylə təkzib edib. Ancaq fakt ortalıqdadır. Torpaqlar işğaldan azad edildikdən sonra həmin ərazilərlə sərhədyanı bölgədə hərbi təlimlər keçirmək də qonşu dövlətin Azərbaycana hərbi güc nümayiş etdirmək cəhdi ilə yanaşı, həm də Ermənistana mənəvi dəstək xarakteri daşıyıb.
İranla Ermənistan arasında hərbi sahədə əməkdaşlıq başqaları kimi bu iki ölkənin də müstəsna hüququdur. Ancaq ötən illərin hadisələrinə əsasən, bu əlaqələrin daha çox Azərbaycana qarşı yönəldiyini qəti şəkildə söyləmək olar. Bu cütlüyün əməkdaşlığı Türkiyəni hədəfə alır. Bununla belə Tehran və İrəvan birləşərək Azərbaycana qarşı fəaliyyət göstərməklə Türkiyəyə də təzyiq göstərirlər.
Ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Səfər çərçivəsində İranın müdafiə naziri briqada generalı Məhəmmədrza Karai Aştiani və Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri onu qəbul edib. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edilib. Eyni zamanda, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
Yeri gəlmişkən, Ermənistanın İranla hərbi əməkdaşlıq etdiyinə dair əvvəllər də məlumatlar yayılıb. İkinci Qarabağ müharibəsindən əvvəl erməni nümayəndə heyəti Tehranda yerləşən Malik Əjdər Texniki İnstitutunda olub. Orada Ermənistan və İran arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. “NAIM-802” adlı radiolokasiya qurğusu da Ermənistanla İranın birgə istehsalı sayılır. O, quraşdırıldığı məntəqə üzərindən uçan bütün obyektləri və hədəfləri nişanlayır. Bu qurğu 24 saat ekipajsız fəaliyyət göstərə bilir. Belə əməkdaşlıq İrəvanın Bakı qarşısında güclənməsinə, habelə Azərbaycan torpaqlarının işğal altında saxlanmasına xidmət edib. Ancaq 2016-cı ilin aprel döyüşləri Azərbaycana qarşı hərbi əməkdaşlıq edən bu cütlüyün gücünü puça çıxarıb.
İran hakimiyyətinin Ermənistanla hərbi sahədə əməkdaşlığının arxasına nə durur? Tərəflər arasında başqa sahələr üzrə əməkdaşlığı müəyyən mənada qəbul etmək olar. Hərçənd bu istiqamətdə ticarət əlaqələri də hərbi sahəyə bağlılığı olanda təhlükəli sayılır. Məsələn, İran Ermənistana təbii qaz, neft məhsulları, avtomobil yanacağı və sürtkü yağları satır. Bunlardan tank və başqa texnikaların hərəkətində də istifadə olunur. Deməli, Tehran hakimiyyəti bu yolla işğaldan əvvəlki dövrdə Ermənistan tanklarının Azərbaycan torpaqlarında qalması və hərəkətinə yardım göstərib.
Bu baxımdan Tehran Qarabağ və ətraf rayonların işğal altında qalması müddətinin uzanmasında ermənilərlə yanaşı durub. Bununla da ondan heç vaxt asılı olmaq istəməyən Azərbaycana təzyiq göstərib.
İranın Yaxın Şərqdə “Hizbullah”, husilər, “Zenəbiyyun”, HƏMAS və başqa silahlı qruplaşmaları fəaliyyət göstərir. Onlar İranın siyasi-ideoloji və geopolitika maraqları uğrunda mübarizə aparırlar. Tehran bununla ərəb dövlətləri, İsrail, ABŞ və onun müttəfiqlərini hədəf alır. Yəməndəki husilərin Qırmızı dənizdə qərb blokundan olan ölkələrin tankerlərinə hücumları, Livandakı siyasi-silahlı qruplaşmanın fəaliyyətini və s. örnək göstərmək olar.
Fələstin xalqının azadlığını təmin etmək bəhanəsi ilə İran hakimiyyəti regionda mövcudluğunu təmin edir. Bununla da o, “məzlumların hamisi” adını “doğruldur”.
İran Azərbaycan torpaqlarını işğal edən “məzlum erməniləri” də bu ad altında dəstəkləyib. Ona görə, Zəngəzur yolunun açılması, 3+3 regional əməkdaşlıq forumunun keçirilməsinə müxtəlif bəhanələrlə mane olub. Habelə Ermənistanla Azərbaycan arasında dövlət sərhədi müəyyənləşmədən Qafanda yarımçıq konsulluq binasını açmaqla gələcək qarşıdurmanın əsasını qoyub.
Ukrayna ilə müharibədə Rusiyaya hərbi texniki yardımı, raket, dron tədarük etməsi də İran hakimiyyətinin anti-Qərb və müharibə tərəfdarı olması siyasi-hərbi düşüncəsindən irəli gəlir. ABŞ hesab edir ki, Tehran Rusiyaya pulsuz yardım etmir. Düzdür, hamı kimi İran da silah ticarətindən qazanmaq istəyir. Ancaq bunu təkzib etsə də, ABŞ və Avropa İttifaqı ona qarşı sanksiya tətbiq edir.
Ermənistanın İranla hərbi, neft, təbii qaz və başqa sahələrdə əlaqələrini genişləndirir. Deməli, İrəvan bununla İslam Respublikasının iqtisadiyyatını gücləndirir. Bu isə onun Yaxın Şərqdə İsrail, ABŞ və müttəfiqlərin əsgərlərinə, ticarət gəmilərinə hücumları genişləndirməsinə təkan verir. 2023-cü ildə İranla Ermənistan arasında ticarət dövriyyəsi 692 milyon 496 min 800 dollar olub. Tərəflər illik ticarət dövriyyəsini üç milyard dollara qaldırmaq haqqında razılığa gəliblər. Bu halda Qərb bloku şər bucağı adlandırdığı İranın iqtisadi, hərbi gücünün artmasında xidməti olan Ermənistana heç diplomatik yolla da təzyiq göstərmirlər. Çünki ABŞ və Avropa İttifaqı İrana qarşı sərt sanksiyalar tətbiq etmək istəmir. Bu istiqamətdə də ikili yanaşma mövcuddur. Guya Ermənistanı Rusiyanın əlindən almaq üçün Tehran-İrəvan cütlüyünün, hətta, hərbi əməkdaşlığının reallaşmasına, inkişafına belə şərait yaradırlar. Ancaq nəticə birdir: bu gözyummalar İranın Yaxın Şərqdə güclənməsinə xidmət edir.
İslam Respublikasının Ermənistandan Cənubi Qafqazda Azərbaycana, Qərbin maraqlarına qarşı proksi qüvvə olaraq istifadə edir. Ancaq bu alətdən hələlik Qərb Rusiyaya, Tehran isə Azərbaycana qarşı yararlanır. Cənubi Qafqaz İran üçün Yaxın Şərqdən daha əhəmiyyətlidir. Həm qonşuluqda yerləşir, həm də bu məsələdə Güney Azərbaycan faktoru var. Ona görə də Tehranın İrəvandakı səfiri Mehdi Sübhani diplomat deyil. O, əvvəllər İslam Respublikasının Suriyadakı səfiri işləyib. İranın Suriya, Livan və İraqa səfir adı ilə göndərdiyi nümayəndələri diplomat olmurlar. Onlar İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabitləridir. Çünki həmin səfir-hərbçilər işlədikləri ölkələrdəki iranyönümlü silahlı qruplaşmaların fəaliyyətini Tehran hakimiyyəti ilə əlaqələndirirlər. Mehdi Sübhani də 2023-cü ildə Suriyada səfir vəzifəsindən azad edilərək Ermənistana göndərilib.
Odur ki, Ermənistanın İslam Respublikası ilə hərbi sahədə əməkdaşlığı sıradan bir, Qərbi narahat etməyəcək səviyyədə məsələ deyil. Livanda güclü erməni diasporu var. ASALA terror qruplaşması da bu ölkədə yaranıb. Habelə İsraili raket atəşinə tutan “Hizbullah” hərbi-siyasi qruplaşma da oradadır. Livan-İran-Ermənistan – Qərbə qarşı Cənubi Qafqazda fəaliyyət göstərəcək daha bir potensial üçlük, Mehdi Sübhani də əlaqələndirici ola bilər. Tehranla İrəvan arasında hərbi əməkdaşlığı adi patron alveri saymaq sadəlövhlük olardı…
“Report” İnformasiya Agentliyi