Aşıq poeziyasının korifey nümayəndəsi, qədim Göyçə türk elinin ozanı Aşıq Ələsgərin adı, şəxsiyyəti, yaradıcılığı xalqımız üçün daim əzizdir. Dədə Ələsgər XIX əsrin müdrik söz və saz ustadı kimi tarixə düşmüşdür. Bakıda böyük sənətkarına abidə ucaldılması isə el məhəbbətinin parlaq təzahürüdür və Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazılacaqdır.
Aşıq Ələsgər 1821-ci ilin yazında Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş, uşaq yaşlarından poeziyaya və aşıq ifaçılığına maraq göstərmişdir. Aşıq Ələsgərin atası Alməmməd işgüzar və halal zəhməti ilə dolanan, xalq arasında şair kimi tanınmış bir el ağsaqqalı idi. Ələsgər Aşıq Alının yanında beş ilə qədər şagirdlik etmişdir. Bu müddət ərzində özünün qeyri-adi istedadı sayəsində sənətin sirlərini öyrənərək, müstəqil aşıqlıq etməyə başlamış, müxtəlif səpkili şeirləri ilə xalq arasında böyük şöhrət qazanmışdır. İki ilə qədər Kəlbəcərin Yanşaq kəndində yaşayan Aşıq Ələsgər sonra Tərtərə köçmüş, bir neçə ay orada qalmışdır. Ustad aşıq tezliklə hər qarışında ayaq izləri qalmış Göyçənin Ağkilsə kəndinə dönmüş, yenidən öz şeirləri ilə insanların qəlbinə yol tapmışdır. O, hafizəsi, dərin zəkası və həmişə öyrənməyə cəhd göstərməsi sayəsində zəngin bilik əldə etmişdir. Aşıq Ələsgər böyük bir ailənin qayğısını çəkmiş, Bəşir, Əbdüləzim, Talıb adlı üç oğul, Nigar, Xeyransa, Gülnisə, Bəsti, Əsli və Zümrüd adlı altı qız böyüdüb ərsəyə çatdırmış, ev-eşik sahibi etmişdi. Şagirdlərinin, qohumlarının dediyinə görə Aşıq Ələsgər sazı solaxay çalarmış, Havaları çox məharətlə ifa edən, həmişə özünü ağır və təmkinli aparan aşıq dastanları çox ustalıqla söyləyər, dinləyiciləri cərəyan edən hadisələrin doğruluğuna inandırarmış.
“Haqq Aşığı” Dədə Ələsgərin yaradıcılığı doğmalığın, müdrikliyin, səmimiyyətin zirvəsidir, məhz bu xüsusiyyətləri ilə Azərbaycan aşıq poeziyasının sonuncu nəhəngidir. O, aşıq şeirinin, demək olar ki, bütün formalarına müraciət etmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, deyişmələrin iştirakçısı olmuşdur. Aşıq Ələsgərin şeirlərində qadın gözəlliklərindən daha çox söhbət açılır.
Dədə Ələsgər yalnız qüdrətli şair-aşıq kimi yox, həm də xalqımızın qəlbində bir ocaq, pir, bir övliya olaraq heykəlləşmişdir. Aşıq Ələsgər şifahi xalq ədəbiyyatına, aşıq poeziyasına dərindən bələd olan, şeirin-sənətin qiymətini bilən el sənətkarı kimi məşhurlaşmışdır. Ustad sənətkarımızın adı və yaradıcılığı qardaş Türkiyədə, İranda, Gürcüstanda, Dağıstanda, eləcə də Orta Asiya Respublikalarında da məşhurdur.1972-ci ildə Dədə Ələsgərin anadan olmasının 150 illiyi, 1998-ci ildə isə 175 illiyi Azərbaycanın hər yerində qeyd olunmuş Azərbaycan Elmlər Akademiyası tərəfindən dahi şairin əsərlərinin iki cildlik elmi nəşri hazırlanmış və çap edilmişdir. 2011-ci ildə Aşıq Ələsgərin anadan olmasının 190 illiyi təntənə ilə qeyd edilmişdir. Gün gələcək, Dədə Ələsgərin heykəli Göyçə mahalında da ucalacaq.
Aydın Hüseynov,
Cəlilabad rayon “Yeni Gün” qəzetinin redaktoru