10 may 1923-cü il tarixdə dünyaya gələn dahi insan Heydər Əliyev hələ uşaq vaxtlarından fitri istedadı, bacarığı, təhsilə olan marağı, davranışı, yeniyetmə dövründən isə nəzəri bilikləri, aydın nitqi, cəsarəti ilə həmyaşıdlarından seçilməklə bərabər, həyata baxışı, milli-mənəvi dəyərlərə bağlılığı, vətənpərvərliyi və digər qeyri-adi müsbət cəhətləri ilə diqqət cəlb edirdi. Eyni zamanda o, istiqanlılığı, səmimiliyi, mehribanlığı, dürüstlüyü, dəqiqliyi və digər məziyyətləri ilə onu tanıyan hər bir kəsin rəğbətini qazanırdı. Bütün bu yüksək insani keyfiyyətlər Heydər Əliyevi elə gənc yaşlarından kamil insan, dəyərli vətəndaş, ziyalı, bir sözlə əsl şəxsiyyət kimi formalaşdırır və onun cəmiyyətdəki rolu getdikcə daha da artırdı. Cavan olmasına rəğmən, həyatın gərdişini dərindən dərk edən Heydər Əliyev 1944-cü ildə bir çox insanın arzusunda olduğu, fəqət hər insanın müvəffəq ola bilmədiyi, yalnız hərtərəfli püxtələşmiş şəxslərin əldə edə biləcəyi uğura imza atmaqla dövlət təhlükəsizliyi orqanlarına qulluğa qəbul olunur və dəyərli ömrünün 25 ilini həmin orqanda ləyaqətlə xidmət keçir.
Zəngin elmi, geniş dünyagörüşü, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, peşə biliklərini mükəmməl qavraması, təşəbbüskarlığı, mübarizliyi, fenomenal yaddaşı, işə vicdanlı münasibəti, nümunəvi xidməti, prinsipiallığı və mahir idarəçilik qabiliyyəti Heydər Əliyevin uğurlarının davamlılığını şərtləndirir, müxtəlif mükafatlarla təltif olunan, eləcə də ardıcıl olaraq vəzifədə irəli çəkilən ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir və elə həmin ildə də ona general-mayor ali hərbi rütbəsi verilir. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının təyin edilməsi, bu orqanın tarixində yeni bir mərhələnin başlanğıcı idi. Heydər Əliyevin bu vəzifəyə gəlişi hər şeydən əvvəl Azərbaycan SSR DTK-nın uğuru idi, çünki artıq bu orqana səriştəli, təcrübəli və peşəkar əks-kəşfiyyatçı, təhlükəsizlik sisteminin daxili iş mexanizmini, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli maraqlarının təminatçısı olan azərbaycanlı rəhbərlik eliyəcəydi. Sirr deyil ki, XX əsrin 20-30-cu illərində qeyri millətlərin antiazərbaycan nümayəndələrinin və ermənilərin kök saldığı,xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının millətimizin düşmənlərindən təmizlənməsi və milliləşdirilməsi kimi son dərəcə çətin və şərəfli missiyaya ilk dəfə hələ sovet rejiminin ən qüdrətli vaxtlarında məhz Heydər Əliyev başlamışdır. Milli kökə və yaddaşa bağlı olan ümummilli lider 50-ci ildən başladığı azərbaycanlılaşdırma prosesini yeni səlahiyyətləri çərçivəsində daha da inkişaf etdirdi. Məhz onun səyi nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı xeyli artdı. Bununla da, Heydər Əliyev milli əhval-ruhiyyəli və vətənpərvər ziyalı kadrları Dövlət Təhlükəsizlik Komitəsinə qulluğa qəbul etdirməklə, həm onları layiq olduqları işlə təmin edir, həm orqanı milliləşdirir, həm də əsassız təqiblərə və repressiyalara məruz qalmış xalqımızın qeyrətli övladlarını onlara qarşı gözlənilən təhdidlərdən qorumaqla növbəti təhlükələrin qarşısını alırdı.
Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan milləti və dövləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.
Zeynallı Mirkamal.
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi