Azərbaycan çoxtərəflilik prinsipi ilə qurulmuş əməkdaşlıq formatlarını dəstəkləyir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrlik etməsi və bu gün də töhfələr verməkdə davam etməyimiz beynəlxalq ictimaiyyət tərəfindən yüksək səviyyədə dəyərləndirilir. İştirak etdiyimiz beynəlxalq platformalarda fəaliyyətimiz çox səmərəli və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün faydalı olur. Bu baxımdan dövlət başçımızın rəhbərliyi altında nümayəndə heyətimizin Rusiyanın Kazan şəhərində keçirilmiş BRİCS-in XVI samitində iştirakı çox əhəmiyyətli hadisədir. 24 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış etmişdir.
Bu çıxış Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirməsi, yeni geosiyasi imkanları dəyərləndirməsi və dünya iqtisadi-siyasi arenasında mövqeyini möhkəmləndirməsi baxımından diqqətəlayiq olmuşdur. Prezident İlham Əliyevin iştirakı Azərbaycan üçün bu platformada yeni imkanlar açmaqla yanaşı, ölkənin beynəlxalq iqtisadiyyatda daha fəal rol oynadığını göstərir. Azərbaycanın 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına sədrliyi, ölkənin çoxtərəfli diplomatiyada əldə etdiyi uğurların zirvəsi kimi qiymətləndirilir. Bu müddət ərzində Azərbaycan koronavirus pandemiyası kimi qlobal problemlərə cavab olaraq, əməkdaşlıq və humanitar yardım prinsiplərini ön plana çəkdi. Ölkənin Qoşulmama Hərəkatına sədrliyinin davam etdirilməsi ilə Azərbaycan hələ də bu platformada fəal və səmərəli fəaliyyət göstərir. Azərbaycanın Qoşulmama Hərəkatında əldə etdiyi təcrübə və təsir, onun BRICS sammitlərindəki rolunu gücləndirir. BRICS təşkilatına üzv olanlar – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkələrdir. Azərbaycan, bu ölkələrlə həm siyasi, həm iqtisadi əməkdaşlıqda yeni perspektivlər yaradır. BRICS+ formatında Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin iştirakı, həm də Qlobal Cənub və Qlobal Şimal arasındakı dialoqu gücləndirir.
Azərbaycanın BRICS ölkələri ilə əməkdaşlığı Qoşulmama Hərəkatındakı uğurlu diplomatiya təcrübəsi üzərində inşa edilir. Onu da qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatında 120 ölkə təmsil olunur, bu da onu BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat edir. Azərbaycanın sədrliyi dövründə 3 virtual sammit təşkil olunub, onlardan biri pandemiyaya qarşı beynəlxalq cavab tədbirlərinə həsr olunub.
Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru