Yazıçı-publisist Süleyman Əlisanın “Göytəpə və göytəpəlilər” kitabının yenilənmiş variantda təkrar nəşr olunub. Bu kitab Rusiya-İran müharibəsi başa çatdıqdan sonra uzun müddət Çar imperiyasının hərbi sərhəd məntəqəsi kimi tanınan Göytəpənin (Prişib) nümunəsində respublikamızın cənub bölgəsində baş verən ictimai-siyasi hadisələrdən bəhs edən maraqlı tədqiqat əsəridir. Bundan əlavə, kitabda elm, mədəniyyət, təhsil, idarəçilik və ictimai həyatın digər sahələrində özünəməxsus yeri olan tanınmış göytəpəli ziyalılar, onların həyat yolu barədə də söhbət açılır. Yeni nəşrin özəlliyi ondan ibarətdir ki, bu kitaba “Yurdumuzda qələbə sevinci” adlı bölmə əlavə edilib. Həmin bölmədə 1980-ci illərin sonlarından üzü bəri Qarabağda baş verən hadisələrin qısa məzmunu, işğal altında qalan torpaqlrımızın azadlığı uğrunda mübarizə və bu mübarizədə göytəpəlilərin rolu əks olunub.
İftixar hissi ilə deyə bilərik ki, Vətən müharibəsində şanlı qələbənin qazanılmasında Göytəpə şəhərinin igid oğullarının da xüsusi payı var. Ümumilikdə yüzlərlə göytəpəli – həqiqi hərbi xidmətdə olanlar, möhlətdən artıq hərbi qulluqçular, ehtiyatda olan əsgər və zabitlər, könüllülər Vətən müharibəsinin ilk günündən ön cəbhəyə yollanaraq, Ermənistan ordusunun məhv edilməsində qəhrəmanlıq göstəriblər. Vətən müharibəsində 13 şəhid verən Göytəpənin 100-ə yaxın qazisi var. Onların arasında “Vətən Müharbəsi Qəhrəmanı” adını alan, digər orden və medallarla təltif olunanlar da var. Göytəpəlilər canlarını Vətən yolunda fəda edən oğullarını – Rəşad Abdullayev, Tofiq Əmirli, Mirlətif Ağayev, Vüsal Cəfərov, Şəhriyar Əsgərov, Elmir Məmmədov, Namiq Həsənov, Murad Səlifov, Elçin İsmayılov, Muxtar Babayev və Vüqar İbadov, Əlikram Xanışov və Ümüd Qasımzadəni heç vaxt unutmayacaq, qazilərə isə daim sayğı göstərəcəklər.
—————————————————————–x
NİZAMİ GƏNCƏVİ İLİ
SALAM, QOCA NİZAMİ!
Nizami Gəncəvinin abidəsi bəyaz gecələr şəhəri Sankt-Peterburqun Kamennoostrovsk prospektindəki gözəl, sakit guşələrdən birində qoyulmuşdur və buraya qədəm qoyan hər bir azərbaycanlının qəlbini dağa döndərir. Burada bir dəstə Vətən çiçəklərini şairin ayaqlarının altına qoyduqdan sonra cənub istiqamətində irəliləyib Avstriya meydanını, müsəlman məscidini, Troitski körpüsünü keçirsən, sağa burulub sahildəki Ermitaja gəlib çıxırsan.
Böyük Nizami burada da olub.
Dəhşətli 1941-ci il Nizami Gəncəvinin 800 illik yubileyi ili idi. O vaxt Bakıda Azərbaycan Xalq Komissarları Şurası yanında yubiley komissiyası öz işinə başlamışdı. Moskvada, Leninqradda, digər müttəfiq respublikalarda müxtəlif tədbirlər həyata keçirilirdi, kitablar nəşr olunur, sərgilər təşkil edilirdi. Bakıda “Poemalar”, “Yeddi gözəl”, “İsgəndərnamə” və başqa əsərlər, Moskvada Mikayıl Rəfilinin “Nizami Gəncəvi: dövrü, həyatı və yaradıcılığı” monoqrafiyası işıq üzü görmüşdü. Nizami dühası ölümlə üz-üzə dayanan azərbaycanlı döyüşçülərə qüvvət verirdi, onun ruhlandırıcı poeziyası o zamankı sovetlər məkanının hər yerində hörmət və ehtiram mənbəyinə çevrilmişdi.
Cəbhədəki vəziyyətlə bağlı yubiley tədbirləri dayandırılsa da, bu ağır günlərdən birində, 1941-ci il oktyabrın 17-də Leninqradda Nizaminin ad günü qeyd olundu. Mühasirə şəraitində olan şəhərdə, Ermitajda qeyri-adi bir yığıncaq keçirildi. Bu tədbirin keçirilməsi ölümlə həyat arasında mübarizə aparan leninqradlılardan böyük mərdlik və hünər tələb edirdi. İclasın təşkilatçılarından biri olan şair Nikolay Tixonov “Leninqrad hekayələri” silsiləsindən “Nizami” məqaləsində yazırdı: “Mən bu an, bu yarıqaranlıq otaqda bir şeyi aydın dərk etdim: biz elə böyük bir məhəbbətin təsiri altındayıq ki, bunun üçün hər nəyə, hətta həyatımıza belə heyfsilənmirik. Bunu bizə bu gün uzaqdan gəlmiş qonağımız —qoca Nizami bir daha xatırlatdı. O, şəhərimizə qızğın savaş çağında gəldi və biz onu mücadiləmizdə dost, müttəfiq və məsləkdaş kimi qarşıladıq”.
Həmin gün Piter üçün gecikmiş, dumanlı və rütubətli payız cünlərindən biri idi. Ermitajın pəncərələrinə qum dolu kisələr düzülmüş, çapaz kağız lentlər yapışdırılmışdı. Pəncərələrin birndən Nevadakı hərbi gəmilərin zenit toplarının səmaya tuşlanmış lülələri görünürdü. Otaqlar soyq idi, toplaşan şairlər, bəstəkarlar və artistlər soyunmadan əyləşmişdilər. Muzeyin əməkdaşları tərəfindən hazırlanmış ekspozisiya o qədər də zəngin deyildi. Çünki o vaxt Ermitajın qiymətli eksponatları arxaya köçürülmüşdü. Onların arasında Nizaminin 1431-ci ildə üzü köçürülmüş əlyazması da olmuşdu. Şairin digər muzey və kitabxanalardakı əlyazma əsərləri də artıq şəhərdən uzaqlarda idi.
Hava həyəcanı siqnalı tədbirin gedişini poza bilmədi. İclas başlanandan sonra Pulkovodakı döyüş mövqelərindən gəlmiş muzey işçisi kapitan M. M. Dyakonov məruzə etdi. Sonra N. Tixonov çıxış elədi, muzeyin əməkdaşları, artistlər Nizamidən tərcümələri söylədilər. Çıxışların hamısı eyni ruhda köklənmişdi: düşmənin acığına böyük Azərbaycan şairinin xatirəsini yad edirik. O, öz azad ilhamı ilə bizi gərgin mübarizəyə ruhlandırır.
Qeyd edək ki, müharibə dövründə Nizaminin xatirəsi təkcə Ermitajda yad edilməklə məhdudlaşmadı. Yazıçı Sergey Mstislavski şairin “İsgəndərnamə” poemasını nəsrlə çevirib 1942-ci ilin iyununda nəşr etdirdi. Əsər ən çətin və məşəqqətli bir dövrün məhsulu kimi müəyyən səliqəsizliklə çap olunsa da, hər halda böyük hadisə idi.
***
Heykəltəraşlıq əsəri Bakıda hazırlanıb və Sankt-Peterburq şəhərinin 300 illiyinə Azərbaycanın hədiyyəsi kimi göndərilib. Şairin abidəsi azərbaycanlı heykəltəraş, Muxina adına Leninqrad ali sənaye-rəssamlıq məktəbinin məzunu Görüş Babayev tərəfindən hazırlanıb. Postament layihəsinin müəllifi Rusiya Federasiyasının əməkdar rəssamı Feliks Romanovskidir. Postament Peterburqdakı “Heykəltəraşlıq kombinatı” müəssisəsində hazırlanmışdır. Abidənin açılışında Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin iştirak ediblər.