İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın dini bayramları dövlət səviyyəsində qeyd olunmağa başlanmış və milli-mənəvi dəyərlərimizin qorunması işinə dövlət tərəfindən ciddi qayğı göstərilməsi həyata keçirilmişdir. Məsələn, Azərbaycan Prezidentinin andiçmə mərasimində respublika Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə, xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi və dini dəyərlərimizi qoruyacağına and içməsi buna əyani sübutdur.
Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır.
Məlumdur ki, ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir. Eyni zamanda, islam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyərləri kimi insanların həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Ulu öndər milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, xüsusən dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd etmişdir. Azərbaycan xalqının milli həmrəyliyinin bərqərar olmasında Qurban bayramının xüsusi əhəmiyyət kəsb etdiyini bildirən ümummilli lider Heydər Əliyev 2003- cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən demişdir: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha çox birləşməsini təmin etsin, azad , müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin”.
Milli-mənəvi dəyərlərin qorunması indi ən ümdə vəzifələrdən biridir. Lakin milli dəyərlərin qorunub saxlanılmasından danışarkən biz heç də onların konservasiyasını nəzərdə tutmuruq. Biz daim irəliyə, gələcəyə baxmalı, insani, maddi və mənəvi resurslarımızı səfərbər etməliyik. Millətin tarixi keçmişi onun gələcəyə uğurla addımlaması üçün həm etibarlı zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil etməlidir.
Bəli, ulu öndər Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Azərbaycan xalqı bununla fəxr etməlidir. Müqəddəs Qurban bayramı ərəfəsində hər bir vətən övladına fərəh, sevinc, tərəqqi arzu edirik.
Gülər İsgəndərova, Cəlilabad şəhər sakini, ziyalı