Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqının xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün örnək və yaşam etalonudur.1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş akademik Zərifə xanım Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.
Zərifə xanım və onun həyat yoldaşı Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş, peşəkar siasətçi, istedadlı dövlət xadimi kimi yetişdirdikləri övladına ötürüblər. Bu gün bütün xalqımız cənab İlham Əliyevlə haqlı olaraq fəxr edir. Bu fəxarət hisslərində həm də onu dünyaya gətirib boya-başa çatdırmış soy-kökə, layiqli övlad kimi tərbiyə etmiş Zərifə Anaya dərin minnətdarlıq duyğuları var. Onunla bağlı hadisələr yaddaşların dərin qatlarından üzə çıxdıqca bu bənzərsiz insanın işıqlı obrazı sönməz günəş kimi parlayır və mənəviyyat tariximizin örnəyinə çevrilir.
Möhtərəm Prezidentimiz Ilham Əliyev demişdir: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq – insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq – insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.”
Zərifə xanım Əliyeva günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Zərifə xanım Əliyeva qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı.
Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır.
Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkətin adını yaşatmaq naminə qiymətli bir nümunə qoyub getdi. Allah rəhmət eləsin!
Rahib Kərimov,
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru