• Bz. İyn 15th, 2025

Şuşa Bəyannaməsi iki qardaş xalqın birliyinin rəmzidir

ByVuqar Ferzeliyev

İyn 13, 2025

        Respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə “Dəmir yumruq” əməliyyatı ilə başlanan müharibədə qazandığımız möhtəşəm Qələbə xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun qüdrətinin, Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsinin, qətiyyətinin, dəmir yumruğunun və əlbəttə, qardaş Türkiyə dövlətinin başçısı cənab Rəcəb Tayyib Ərdoğanın, o cümlədən hər bir türk vətəndaşının hər an bizə mənəvi dəstək göstərməsinin, yanımızda olmasının göstəricisidir.

       Artıq dəfələrlə sübut olunmuş bir həqiqətdir ki, Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsidir. Mənfur düşmən tərəfindən bütünlükdə Qarabağ dağıdıldı, tarixi abidələrimiz yerlə yeksan edildi. Ancaq Şuşa Azərbaycanın ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.

       Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. Dövlətimizin başçısının gördüyü tədbirlər Şuşa şəhərinin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. Və nəhayət, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə cəmiyyətlərinin çoxdan gözlədikləri gün gəlib çatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bizim hər birimiz üçün əziz olan Şuşaya, ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Şuşaya səfər etdi.

        İki qardaş ölkə arasında müttəfiqlik barədə dövlət sənədinin məhz Şuşada imzalanmasını tarixi, siyasi və mədəni baxımdan ortaq sərvət kimi dəyərləndiririk.  Azərbaycanın və Türkiyənin ortaq gücü regionda hamının maraqlarını təmin edən yeni şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aşkar şəkildə bəyan etdilər ki, bölgədə bərpaolunan nəqliyyat və kommunikasiya xətləri bütün tərəflər üçün açıqdır. Yetər ki, qarşılıqlı etimad və səmərəli əməkdaşlıq səyləri olsun.

        Dostluğumuz, qardaşlığımız cənab Rəcəb Tayyib Ərdoğanın və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində daha da möhkəmlənir, sarsılmaz və əbədi olur. Axı, Azərbaycan yalnız deyil, Türkiyə kimi qüdrətli bir dövlət, türk xalqı kimi mübariz bir xalq, Türkiyə Ordusu kimi güclü bir ordu yanımızdadır. Keçən əsrin əvvəllərində olduğu kimi, bu günümüzdə də biz qardaş Türkiyənin hərtərəfli dəstəyini hiss edirik. Qoy bütün dünya bilsin ki, biz dar günün qardaşlarıyıq, ən çətin günlərdə bir yerdə olacağıq!

Səidə Şükürova,

 Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına

                                                                 7 nömrəli tam orta məktəbin direktoru    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir