• Ça. İyn 17th, 2025

Strateji mesaj

ByVuqar Ferzeliyev

İyn 17, 2025

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu rəsmən bəyan edən mühüm bir sənəddir. Bu Bəyannamə, sadəcə iki ölkə rəhbərinin imzası ilə hüquqi qüvvəyə minən bir razılaşma deyil – bu sənəd, əsrlərlə davam edən ortaq tarixin, dilin, dinin, mədəniyyətin və qan qardaşlığının çağdaş dövrə daşınmış təntənəli ifadəsidir.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşada atdığı bu tarixi imza, Azərbaycan-Türkiyə münasibətlərini sadə dostluqdan strateji müttəfiqliyə yüksəltdi. Qarabağ zəfərindən sonra Azərbaycan xalqının ruh yüksəkliyi fonunda imzalanmış bu sənəd, eyni zamanda 44 günlük Vətən müharibəsinin yaratdığı yeni regional reallıqlara uyğun siyasi-hərbi əməkdaşlığın əsasını qoydu.

Bəyannamənin Şuşa şəhərində imzalanması xüsusi rəmzi məna daşıyır. Qarabağın tacı sayılan bu şəhər, uzun illər işğal altında qaldıqdan sonra Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə azad edildi. Məhz bu şəhərdə imzalanan sənəd, həm Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının dünyaya nümayişi, həm də Azərbaycan-Türkiyə qardaşlığının bir daha təsdiqi oldu. Bu hadisə həm siyasi, həm mənəvi, həm də tarixi baxımdan yüksək əhəmiyyət daşıyır.

Şuşa Bəyannaməsi ilə tərəflər siyasi dialoqdan tutmuş müdafiə sənayesində əməkdaşlığa, iqtisadi-ticari əlaqələrdən tutmuş mədəniyyət, təhsil, gənclər siyasəti və informasiya mübadiləsinə qədər geniş sahələrdə birgə fəaliyyətə sadiqliklərini bir daha təsdiq etdilər. Sənəddə xüsusilə təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı müddəalar diqqət çəkir. Bu, iki ölkənin bir-birinin təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərə qarşı birgə mövqe tutacağına dair iradənin göstəricisidir.

Eyni zamanda, sənəddə Zəngəzur dəhlizinin açılması və regionda kommunikasiyaların bərpası məsələlərinə də toxunulmuşdur. Bu, Azərbaycanın bölgədə iqtisadi və logistik əhəmiyyətini artırmaqla yanaşı, Türk dünyasını birləşdirən böyük layihələrin reallaşmasına da xidmət edir. Beləliklə, Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə arasında deyil, ümumilikdə Türk dövlətləri arasında inteqrasiya prosesinə güclü təkan verir.

Şuşa Bəyannaməsi ilə dünyaya verilən açıq və aydın mesaj budur: Azərbaycan ilə Türkiyə bir millətin iki dövlətidir və bu birlik sarsılmazdır. Bu sənəd, həm də regionda sabitlik və təhlükəsizlik arzusunda olan bütün xalqlara çağırışdır – əməkdaşlıq, qarşılıqlı hörmət və sülh naminə birgə hərəkət etmək mümkündür.

Bu gün Azərbaycan və Türkiyə arasındakı münasibətlər təkcə iki dövlətin maraqları çərçivəsində deyil, daha geniş coğrafiyada sabitlik və inkişaf amilinə çevrilmişdir. Bu əlaqələrin mərkəzində isə xalqlarımızın ortaq mənəvi irsi, milli maraqlar və dövlətlərimizin suverenlik prinsipinə hörmət dayanır.

Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan diplomatiyasının, hərbi-siyasi gücünün və qardaş Türkiyə ilə münasibətlərinin parlaq bir nümunəsidir. Bu sənəd tarixə qızıl hərflərlə yazılan, qürurverici bir səhifədir. Azərbaycan və Türkiyə bu strateji birliyi ilə yalnız bugünün deyil, gələcəyin də konturlarını cızır, ortaq və işıqlı bir yolun yolçuları olduqlarını bir daha təsdiqləyirlər.

Sədafər Hüseynov

Saatlı Rayon Ağsaqqallar şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir