2025-ci il iyunun 24-də Azərbaycanın enerji sektorunda mühüm və əhəmiyyətli hadisə baş vermişdir. Həmin gün Prezident İlham Əliyevin və bir sıra xarici şirkət rəhbərlərinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirilib. Açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev deyib ki, “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. Dövlətimizin başçısı qeyd edib: “Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün 8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”. Bu bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün böyük əhəmiyyəti var.
2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu. 2020-ci il iyunun 25-də – düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur.
Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkə Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik.
Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq, – halbuki bu gün də kifayət qədər yüksək səviyyədədir, – və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.