44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisi əhəmiyyətli dərəcədə artdı. Bu qələbə təkcə ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, həm də beynəlxalq hüququn tətbiqinə dair praktik presedent yaratdı. Azərbaycanın siyasi iradəsi artıq təkcə regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrildi.
Şuşa Qlobal Media Forumu bu iradənin və beynəlxalq nüfuzun təcəssümüdür. Foruma ev sahibliyi edən Xankəndi – Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvoludur. Artıq ənənə halını alan bu platforma təkcə media müzakirələri ilə məhdudlaşmır, həm də Azərbaycanın artan beynəlxalq təsir gücünün real təzahürlərindən birinə çevrildi. Forumda müzakirə olunan mövzular – informasiya təhlükəsizliyi, süni intellekt dövründə medianın dayanıqlılığı və rəqəmsal suverenlik – qlobal çağırışlarla səsləşir. Bu isə Azərbaycanın informasiya sistemində “istehlakçı” mövqeyindən çıxaraq, “formalaşdırıcı aktor” statusu qazandığını göstərir.
Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın diplomatik fəlsəfəsini və xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı daxili sabitlik, çevik təhlükəsizlik yanaşması və strateji planlama əsasında formalaşan bir inkişaf modelindən bəhs etdi. Onun fikrincə, Azərbaycanın coğrafi mövqeyi risklərin erkən mərhələdə proqnozlaşdırılması və neytrallaşdırılmasında mühüm amildir.
Azərbaycanın həm Avropa, həm də İslam dünyası ilə paralel əlaqələr saxlaması onu unikallıq baxımından geosiyasi körpü statusuna yüksəldir. Bu, yalnız regional sabitlik üçün deyil, həm də qlobal təşəbbüslərin yerli reallaşdırılması üçün mühüm platformadır. Prezidentin “qonşunun prizmasından baxış” yanaşması isə regionda konstruktiv diplomatiyanın əsası kimi çıxış edir.
Forum çərçivəsində Azərbaycanın enerji və nəqliyyat sahələrindəki strateji rolu da ön plana çəkildi. Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın regional enerji və logistik təchizat mərkəzi mövqeyini möhkəmləndirir. Bu layihələr həm Avropa enerji təhlükəsizliyinə töhfə verir, həm də Cənubi Qafqazda iqtisadi inteqrasiyanı stimullaşdırır. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı qeyd etdi ki, Ermənistanın qeyri-konstruktiv yanaşması onu proseslərdən təcrid edə bilər. Bu isə regionda güc balansının getdikcə Azərbaycanın xeyrinə dəyişdiyini göstərir.
Forum çərçivəsində Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Azərbaycanın və Ermənistanın sülhə doğru atdığı addımların təşviqində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. O, ABŞ Prezidentinin Cənubi Qafqazdakı prosesləri diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdi.