• Ça. İyl 22nd, 2025

Azərbaycan beynəlxalq səviyyəli problemlərin müzakirəsi və həllində ciddi rol oynayır

ByVuqar Ferzeliyev

İyl 21, 2025

       Dövlətimizin başçısı İlham Əliyevin 3-cü Qlobal Media Forumda çıxışı, çoxsaylı xarici mətbuat nümayəndələrinin suallarını cavablandırması Azərbaycanın tarixi Zəfərindən və suverenliyinin bərpasından sonra yaratdığı reallıqlar fonunda regionda və dünya siyasətində rolunun, möhkəmlənən mövqeyinin aydın mənzərəsini yaradır. Dövlət başçısı, həmçinin Rusiya ilə Avropa İttifaqı arasında yaranan qaz böhranına toxunaraq Azərbaycanın enerji siyasətinin siyasi alətə çevrilmədiyini, tamamilə kommersiya prinsipləri üzərində qurulduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycan heç vaxt Rusiya ilə rəqabətə can atmadı və qaz tədarükünü siyasi təzyiq vasitəsinə çevirmədi.

       Forum zamanı Prezident AZAL təyyarəsinin qəzası ilə bağlı sualı cavablandıraraq bildirdi ki, bu hadisə ilə bağlı Rusiya tərəfindən hələ də rəsmi cavab verilmədi. Azərbaycan tərəfi hadisənin təfərrüatlarını bildiyini və təzminat məsələsinin açıq qalmasını ədalətsiz hesab etdiyini ifadə etdi.

Azərbaycanın iqtisadi göstəriciləri də Forumda diqqətə çatdırıldı. Xarici borcun ÜDM-dəki payının cəmi 6,9% olması, yoxsulluğun aşağı səviyyəsi və Qarabağda həyata keçirilən iri infrastruktur layihələri ölkənin strateji və davamlı inkişaf modelinin göstəriciləridir. Bu sabitlik Azərbaycanın beynəlxalq maliyyə institutları və təşkilatlarla əlaqələrini gücləndirir, ona diplomatik manevr imkanları verir.

        Prezident İlham Əliyev çıxışında regional sabitlik üçün sülh müqaviləsinin vacibliyini vurğuladı. Onun fikrincə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi keçmişin ritorikasından imtina edib yeni reallıqları qəbul etməyin vacib addımlarıdır. Bu isə hüquqi yanaşmadan daha çox psixoloji və simvolik əhəmiyyət daşıyır.

Azərbaycanın mesajı aydındır: regionda davamlı sabitlik yalnız real siyasi və hüquqi dəyişikliklər nəticəsində mümkündür. Bu dəyişiklikləri həyata keçirməyə hazır olan tərəf isə əməkdaşlıq üçün yeni fürsətlər qazanır.

       Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq sistemdə təkcə iştirakçı deyil, təşəbbüskar və formalaşdırıcı aktor statusunu nümayiş etdirdi. Bu Forum yalnız medianın gələcəyi ilə bağlı qlobal müzakirə platforması deyil, həm də Azərbaycanın artan yumşaq gücünün ifadəsidir. Ən önəmlisi isə odur ki, Azərbaycan bu gün təkcə regional deyil, qitələrarası fikir mübadiləsinin, enerji təhlükəsizliyinin və sülh təşəbbüslərinin yeni mərkəzinə çevrilir.

       III Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bir çox beynəlxalq səviyyəli problemlərin müzakirəsi və həllində ciddi rol oynayır. Ərazi bütövlüyümüzü Ali Baş Komandan kimi təmin edən İlham Əliyev Prezident kimi də ölkəmizi qlobal arenada lider mövqeyinə yüksəldib. Azərbaycan artıq yalnız regional deyil, qlobal məsələlərin müzakirəsində və həllində fəal iştirakçıdır.

Dəyanət Əskərov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir