• Şb. Avq 2nd, 2025

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.

ByVuqar Ferzeliyev

Avq 2, 2025

   Bütün süni maneələrə və məhdudiyyətlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz prinsipial mövqeyini daim qətiyyətlə müdafiə etmişdir. Onun milli kimliyə və dilə verdiyi dəyər müstəqillik düşüncəsinin ayrılmaz hissəsi idi. Sovet hakimiyyətinin ideoloji təzyiqləri altında belə Heydər Əliyev milli dili qorumağı xalqın varlığının və milli-mənəvi dəyərlərinin başlıca dayağı hesab edirdi.

   Dövlət dili uğrunda apardığı ardıcıl və məqsədyönlü mübarizə nəticəsində o, ziyalıları və geniş xalq kütlələrini milli dilin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi möhkəmlənməsi uğrunda birləşdirə bilmişdir. Onun uzaqgörən fəaliyyəti nəticəsində ana dilinin milli kimliyin əsası və dövlət müstəqilliyinin rəmzi olduğu bir daha sübut edilmişdir. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, dilini qoruyan xalq heç vaxt məhv olmayacaq, əksinə, dil xalqın milli ruhunu yaşadan, onu gələcəyə daşıyan ən güclü vasitədir.

   Sovet dövründə Azərbaycan dilinin hüquqlarının məhdudlaşdırılması, təhsil müəssisələrində rus dilinin üstün tutulması şəraitində belə Heydər Əliyev məsələni açıq və prinsipial şəkildə qaldırırdı. Böyük liderin SSRİ Konstitusiyası haqqında etdiyi çıxışında xüsusi olaraq vurğulaması təsadüfi deyildi: “Konstitusiya vətəndaşlara təhsil hüququ verir və bu hüquq onların ana dilində oxumaq imkanı ilə təmin olunur”. Bu fikir onun xalqı öz ana dilinə sahib çıxmağa çağırışının parlaq ifadəsi idi.

   Onun rəhbərliyi ilə 1970–80-ci illərdə Azərbaycanda məktəblərdə, ali təhsil ocaqlarında Azərbaycan dilinin mövqeyinin güclənməsi, milli ədəbiyyatın, mətbuatın və televiziya proqramlarının inkişafı üçün mühüm addımlar atılmışdır. Məhz bu dövrün töhfəsi idi ki, müstəqillik illərində dilimiz dövlət dili statusu ilə möhkəmləndi və geniş tətbiq imkanları qazandı.

   Ulu Öndərin dil məsələsində uzaqgörən siyasəti sonrakı dövrdə də öz bəhrəsini verdi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, Heydər Əliyevin xalqımıza qoyduğu ən böyük mənəvi irs və milli kimlik nümunələrindən biridir.

   Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, bütün dünyada milyonlarla insanın qürur mənbəyinə çevrilmişdir. Onun inkişafında Heydər Əliyevin möhkəm iradəsi, ana dilinə olan sarsılmaz sevgisi və mübarizliyi əvəzsiz rol oynamışdır. Böyük liderin də dediyi kimi: “Millətin milliliyini saxlayan onun dilidir. Dilimizi qorumalıyıq, onu yaşatmalıyıq ki, gələcək nəsillər də öz kimliyini unutmasın.”

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                        

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir