Laçın şəhərinin azad olunması Azərbaycanın dövlətçilik tarixində strateji, siyasi və mənəvi baxımdan dönüş nöqtəsi oldu. Əvvəla, bu, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasının əsas mərhələlərindən biri idi. İkincisi, bu zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirdi. Çünki Azərbaycan sübut etdi ki, öz torpaqlarını işğaldan azad etmək üçün həm siyasi iradəyə, həm güclü ordusuna, həm də xalqın dəmir iradəsinə arxalanır.
Azadlığa qovuşandan sonra təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri var. 2023-cü ildə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.
2023-cü ilin avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək.
Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. 2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı olub. Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir. Təməli 2025-ci ildə qoyulan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Onu da qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir. Laçının bərpası müasir Azərbaycanın gücünün, inkişafının, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı “Böyük Qayıdış” proqramının təcəssümüdür.
Rövşən Mirzəyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi