• Ça. Avq 26th, 2025

Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur.

ByVuqar Ferzeliyev

Avq 25, 2025

     Ondan sonrakı dövrü hamımız yaxşı xatırlayırıq. Uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə – Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və əminəm ki, qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. 

      İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın. Mən bunu dəfələrlə demişəm və bu, tam həqiqətdir. Mən 2003-cü ildən 2020-ci ilə qədər bu danışıqlarda iştirak etməyə məcbur idim. Demişdim ki, bu məsələni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirlər. Biri silahlar, biri siyasi dəstək, biri isə digər imtiyazlar verirdi. Məhz buna görə məsələ öz həllini tapmırdı. Kiməsə elə gələ bilərdi ki, Azərbaycan xalqı bununla barışacaq, halbuki mən dəfələrlə demişdim ki, biz bu məsələ ilə heç vaxt barışmayacağıq. Hələ 2003-cü ildə prezident vəzifəsinə seçiləndə bunu demişdim, ondan sonrakı dövrlərdə dəfələrlə demişdim və nəinki demişdim, hər gün, hər saat biz bu müqəddəs Zəfər günümüzü yaxınlaşdırırdıq. Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar bizim səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu Zəfərə görə onlara, onlar kimi 10 minlərlə Azərbaycan əsgər və zabitinə borcluyuq.

Gülnarə Mirzəliyeva

Saatlı MKS-nin əməkdaşı