Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Tarixən aldıqları cəzalardan dərs götürməyən ermənilər öz mənfur, xəyanətkar əməllərindən əl çəkmədilər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə “Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür” deyərək xəbərdar etmişdi. Təəssüf ki, ermənilər əməllərindən əl çəkmədilər. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər.
Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Ona görə də, bütün təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Hərbi qüvvələr, əsasən şəhərətrafı ərazilərdə və kənd yerlərində əməliyyatlar keçirdi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi hesab etmək olar. Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu.
Antiterror tədbirlərin görülməsi qaçılmaz idi. Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı sonda uğurla yekunlaşdı. Düşmən ağ bayraq qaldırdı. Azərbaycan çoxdan gözlədiyi ədaləti yenidən öz gücü sayəsində bərpa etmiş oldu. Həyata keçirilən antiterror əməliyyatı Azərbaycanın təhlükəsizlik mühitinin gücləndirilməsinə və terror fəaliyyətlərinin qarşısının alınmasına xidmət edən mühüm bir addım olmuşdur. Heç vaxt unutmayaq ki, Bu uğur və qələbələri bizə yaşadan isə canını Vətən yolunda fəda edən şəhidlərimizdir.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Şiləvəngə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi