Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı. Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edirdi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı. 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldıldı. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır.
Qələbəmiz milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə Uca Yaradandan rəhmət diləyirik.
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri