Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib. Dövlətimizin başçısı qeyd edib ki, biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.
Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.
Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.
Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.
Eynilə, 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi xüsusi diqqət və tədbir görülməsini tələb edir.
Dövlətimizin başçısı bu dəfə BMT tribunasından çox dəyərli çağırış edərək demişdir ki, gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.
Səməd Rüstəmov,
Cəlilabad şəhər Mənzil İstismar Sahəsinin rəisi