Uzun illər ərzində Azərbaycan beynəlxalq tribunalarda, xüsusilə də BMT Baş Assambleyası kimi yüksək kürsülərdən ölkəmizə qarşı törədilmiş hərbi təcavüz, işğal və ədalətsizliklər barədə dünya ictimaiyyətini məlumatlandırıb. Bu çağırışlar təkcə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması deyil, həm də beynəlxalq hüququn, insan haqlarının və beynəlxalq ədalətin müdafiəsi baxımından əhəmiyyətli idi. Lakin bu gün Azərbaycan artıq təkcə keçmişin faciələrindən deyil, həm də ərazi bütövlüyünün bərpasından, regionda sülhün və sabitliyin təmin olunmasından danışır.
1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal edildi. Bu işğal zamanı Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə və hərbi cinayətlər nəticəsində bir milyona yaxın azərbaycanlı doğma yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları – yaşamaq, mülkiyyət, təhlükəsizlik və vətənə qayıtmaq hüquqları kobud şəkildə pozuldu.
1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin bu qətnamələr ədalətin bərpası üçün real təzyiq mexanizminə çevrilmədi. Ermənistan bu sənədlərə məhəl qoymayaraq, beynəlxalq hüququ açıq şəkildə pozdu və heç bir sanksiyaya məruz qalmadı. Təəssüf ki, vasitəçilik missiyasını həyata keçirən Minsk Qrupunun həmsədrləri də beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişəni dondurmağa çalışdılar.
Otuz ilə yaxın müddətdə davam edən nəticəsiz və səmərəsiz danışıqlardan sonra, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi məhz bu hüquqa əsaslanaraq başladıldı. Müharibə dövründə Ermənistan Azərbaycanın dinc şəhər və kəndlərini ballistik raketlərlə və kasetli mərmilərlə atəşə tutdu. Bu hücumlar nəticəsində 100-dən çox günahsız mülki vətəndaş həyatını itirdi, yüzlərlə insan yaralandı.
Bütün bu təxribatlara və beynəlxalq hüququn pozulmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri döyüş əməliyyatlarını beynəlxalq humanitar hüquqa uyğun şəkildə apardı. Mülki əhalinin təhlükəsizliyi təmin edildi, qeyri-hərbi infrastruktura zərbə endirilmədi. Azərbaycan yalnız legitim hərbi hədəfləri neytrallaşdırdı və işğal altındakı torpaqlarını azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi.
Bu qələbə təkcə hərbi uğur deyil, həm də ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının haqq işinin təntənəsi oldu. 2020-ci il müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda yeni reallıqlar yaratdı. Hazırda Azərbaycan regionda sülh və əməkdaşlıq gündəliyini təşviq edir, Ermənistanla münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası istiqamətində praktiki addımlar atır.
Nəticə etibarilə, Azərbaycan həm hərbi, həm də diplomatik yolla öz milli maraqlarını müdafiə etməklə yanaşı, regionda dayanıqlı sülh və inkişaf üçün yeni bir mərhələyə qədəm qoyub. Bu, təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın gələcəyi naminə atılmış mühüm addımdır.
Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru