• Be. Okt 13th, 2025

İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.

ByVuqar Ferzeliyev

Okt 6, 2025

Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətlərindən biri Avropa İttifaqı ölkələri ilə münasibətlərin inkişafıdır. Bu çərçivədə İtaliya ilə qurulan əməkdaşlıq xüsusi yer tutur. Tarixi dostluq və qarşılıqlı etimad üzərində formalaşan İtaliya-Azərbaycan əlaqələri bu gün yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İtaliya Prezidentinin Azərbaycana ikinci rəsmi səfəri iki ölkə münasibətlərinin sarsılmazlığını və dinamik inkişafını nümayiş etdirir. Qeyd etmək lazımdır ki, ilk səfər yeddi il əvvəl baş tutmuşdu. Bugünkü səfər isə təsdiqləyir ki, qarşılıqlı əməkdaşlıq təkcə davamlı deyil, həm də ardıcıl olaraq daha da güclənməkdədir. Bu, həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə öz əksini tapır. Azərbaycan və İtaliya arasında imzalanmış iki strateji sənəd bu münasibətlərin əsasını təşkil edir. Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd – Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə beş il əvvəl qəbul olunub. Bu sənədlər son illərdə əlaqələrin sürətli inkişafına yol açıb və qarşılıqlı münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyıb. Siyasi müstəvidə iki ölkə rəhbərlərinin mütəmadi görüşləri əməkdaşlığın yüksək səviyyədə olduğunu sübut edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və İtaliya Prezidenti Serxio Mattarella arasında son illər ərzində keçirilən görüşlərdə münasibətlərin bütün sahələri üzrə dərin fikir mübadiləsi aparılıb. Ötən il Azərbaycan Prezidenti Romada rəsmi səfərdə olarkən Prezident Mattarellanın qonağı olub və həmin görüşdə İtaliya dövlət başçısı Azərbaycana dəvət edilib. Bu dəvətin reallaşması ikitərəfli münasibətlərin siyasi iradəyə əsaslandığını bir daha ortaya qoyur. İqtisadi əməkdaşlıq isə iki ölkə əlaqələrinin lokomotivi hesab olunur. Hazırda İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. İllik ticarət dövriyyəsi ildən-ilə artır və qarşılıqlı sərmayə qoyuluşu müxtəlif sahələrdə özünü göstərir. Xüsusilə enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycanın neft və qazının İtaliyaya ixracı iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verir. TAP (Trans-Adriatik Qaz Kəməri) layihəsi çərçivəsində Azərbaycan qazı birbaşa Avropa bazarlarına, o cümlədən İtaliyaya çatdırılaraq, enerji mənbələrinin şaxələndirilməsinə xidmət edir. Bu isə həm Azərbaycan, həm də İtaliya üçün böyük strateji üstünlükdür. Münasibətlərin uğurla inkişaf etməsi yalnız enerji sahəsi ilə məhdudlaşmır. Təhsil, mədəniyyət, humanitar əməkdaşlıq da genişlənməkdədir. İtaliya-Azərbaycan dostluğunun dərin kökləri mədəniyyətlərarası dialoqu gücləndirir, xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir. Nəticə etibarilə, İtaliya-Azərbaycan əlaqələri bu gün təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də beynəlxalq müstəvidə strateji tərəfdaşlıq nümunəsi kimi təqdim olunur. Bu münasibətlər regionda sabitliyin, Avropada enerji təhlükəsizliyinin və qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsində mühüm rol oynayır.

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Məmmədhəsən Mənsimov