• Be. Okt 13th, 2025

Türk Dünyasının inteqrasiyasında tarixi addım

ByVuqar Ferzeliyev

Okt 8, 2025

      Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü böyük uğurla keçdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxışında bəyan etdi ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.

        Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

      Sammit bir daha göstərdi ki, Geniş coğrafiyaya malik türk dünyasının həm zəngin enerji və digər iqtisadi resurslara, potensiala malik olması, həm böyük bazar rolu oynaması, həm də Orta Dəhliz xəttində yerləşməsi baxımından iqtisadi güc rolunda çıxış etməyə imkan verir. TDT-ni iqtisadi güc kimi şərtləndirən mühüm amillərdən biri də təşkilata üzv ölkələrin milli iqtisadiyyatlarının sürətli inkişafının qeydə alınmasıdır.

       TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.

      Azərbaycan Lideri  Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürünü bildirdi, qeyd etdi ki, Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.

      Əminik ki, Zirvə Görüşündə qəbul edilən qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da güclənəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə veriləcəkdir.

Nurlan Ağamalıyev,

YAP Cəlilabad rayon təşkilatının məsləhətçisi