• Be. Okt 13th, 2025

Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.

ByVuqar Ferzeliyev

Okt 9, 2025

Bu gün dünyamız mürəkkəb geosiyasi proseslərin, qarşıdurmaların və yeni təhlükəsizlik çağırışlarının mərkəzindədir. Belə bir şəraitdə sülhün qorunması və təhlükəsizliyin təmin edilməsi hər bir dövlətin davamlı inkişafının, rifahının və sabitliyinin əsas şərtinə çevrilib. Sülh və təhlükəsizlik – müasir dövrün ən qiymətli sərvətidir. Türk Dövlətləri Təşkilatı (TDT) da məhz bu prinsiplərə söykənərək fəaliyyət göstərir. Təşkilatın təməlini qoyan Naxçıvan Sazişi sülhün, sabitliyin və qarşılıqlı etimadın qorunmasını əsas məqsəd və vəzifələr sırasında müəyyən etmişdir. Bu sənəd yalnız hüquqi baza deyil, həm də Türk dünyasının dərin mənəvi dəyərlərinə, qardaşlıq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan strateji bir vizyondur. Hazırkı beynəlxalq mühitdə, qlobal güc mərkəzləri arasında toqquşan maraqlar fonunda, Türk Dövlətləri Təşkilatının rolu və məsuliyyəti daha da artmaqdadır. Türk dövlətlərinin ortaq mövqedən çıxış etməsi, vahid güc mərkəzi kimi birləşməsi həm regionda, həm də qlobal səviyyədə sabitliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Ötən il Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsi bu istiqamətdə tarixi bir addım oldu. Qarabağ Bəyannaməsi Türk dünyasının sülh və təhlükəsizlik məsələlərində bir-birinə dəstək göstərmək iradəsini nümayiş etdirdi. Bu sənəd eyni zamanda ədalətə, beynəlxalq hüquqa və ərazi bütövlüyü prinsiplərinə əsaslanan əməkdaşlıq modelinin bərqərar olmasını təsdiqlədi. Bu gün keçirilən Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması da təsadüfi deyil. Bu mövzu Türk Dövlətləri Təşkilatının strateji gündəliyində mərkəzi yer tutur. Regionda baş verən hadisələr göstərir ki, yalnız birgə səylər, qarşılıqlı etimad və ortaq mövqelər sayəsində sülhə nail olmaq mümkündür. Azərbaycan üçün də bu istiqamət prioritet əhəmiyyət daşıyır. Ölkəmiz hər zaman regionda sülhün və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olmuş, bu məqsədlə real və ardıcıl addımlar atmışdır. Postmünaqişə dövründə Azərbaycan regionda ədalətli, qarşılıqlı hörmətə əsaslanan sülh modelinin təşəbbüskarıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində bu istiqamətdə aparılan əməkdaşlıq, həmçinin regional nəqliyyat, enerji və humanitar layihələr sabitliyin möhkəmlənməsinə xidmət edir. Türk dünyasının birliyi sülhün qarantıdır. TDT-nin “birlikdə güclüyük” prinsipi yalnız siyasi və iqtisadi həmrəyliyi deyil, həm də təhlükəsizliyə ortaq məsuliyyəti ifadə edir. Müştərək tarixi köklər, milli-mənəvi dəyərlər və qardaşlıq telləri üzərində qurulmuş bu birlik gələcək nəsillər üçün daha təhlükəsiz, daha sabit bir regionun təməlini qoyur. Beləliklə, Türk Dövlətləri Təşkilatı bu gün regional və beynəlxalq təhlükəsizlik arxitekturasının mühüm dayaqlarından birinə çevrilmişdir. Onun səsi artıq qlobal miqyasda eşidilir və qəbul olunur. Türk dövlətlərinin birliyi sülhün, sabitliyin və inkişafın gələcəyinə yönəlmiş tarixi missiyanı layiqincə daşıyır.

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Hüseyn Eynullayev