• Ça. Okt 14th, 2025

Laçın şəhərimiz beynəlxalq panoramda

ByVuqar Ferzeliyev

Okt 14, 2025
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfəri və oktyabrın 10-da keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı regionda siyasi, iqtisadi və təhlükəsizlik baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu səfər təkcə rəsmi iştirak aktı deyil, həm də strateji danışıqlar, diplomatik balansların yenidən qurulması və əməkdaşlıq münasibətlərinin yeni nəfəs qazanması baxımından xüsusi əhəmiyyət daşıyır. 
   Cənab İlham Əliyev Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi. Dövlət başçımız humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunaraq dedi ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib;
   Böyük strateji əhəmiyyətə malik Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 18 may 1992-ci il tarixində işğal olunub. 2020-ci ildə əldə etdiyimiz Zəfər nəticəsində imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən həmin ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü, beləliklə qan tökülmədən suverenliyimizin bərpası sürətləndi. Artıq Azərbaycan xalqı böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Böyük Qayıdış çərçivəsində 2023-cü ildə 31 illik fasilədən sonra Laçın sakinlərinin öz doğma şəhərinə ilk qayıdışı baş tutdu. Tarixi ədalətin təntənəsi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 
  Əminliklə söyləyə bilərik ki, Laçın bu yüksək ada layiqdir. 
 Bildiyimiz kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də xalqların rifahı naminə dövlətlərarası münasibətlərin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsidir. Elə bu səfər də çoxşaxəli tərəfdaşlığın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək, yəni münasibətlər yeni inkişaf mərhələsinə yüksələcək. Çünki onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir;

Rafiq Ağayev,
Yeni Azərbaycan Partiyası
Cəlilabad Rayon Təşkilatının sədr müavini