Dövlətimizin başçısı cənab İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində bir daha bəyan etdi ki, Mərkəzi Asiya ölkələrinə, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Türk dövlətləri arasında Qazaxıstanla əlaqələr mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Qazaxıstan liderlərinin sıx münasibətləri ölkələr arasında ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.
Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir. Hazırda TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır.
Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdik. Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Qazaxıstan Respublikası Prezidentinin tapşırığına Astana şəhərinin əsasən, paytaxtın ən geniş küçələrindən birinə Ulu Öndər Heydər Əliyevin adı verilib, burada onun şərəfinə gözəl bir monument ucaldılıb.
Gələn il 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illiyi tamam olur və bu əlamətdar hadisənin TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır.
Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. Bunlar Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir.
Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.
Ofeliya Sadatova,
Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru