• Be. Okt 20th, 2025

Qarşılıqlı əlaqələrimizin əsas bazası

ByVuqar Ferzeliyev

Okt 20, 2025
    Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində söylədiyi kimi, hər iki ölkədə nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.
   2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur. İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.
  Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb. 2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb. Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək. 
   Müsahibə ilə tanışlıq zamanı bir daha şahid olduq ki, Azərbaycan-Qazaxıstan münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. Səfər çərçivəsində imzalanmış sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır.

Əliyusub Aslanov,

Cəlilabad Tibb Kollecinin direktoru