• Ça. Okt 21st, 2025

Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati bölgü və Zəngəzur qəzasının formalaşması

ByVuqar Ferzeliyev

Okt 20, 2025

XIX əsrin əvvəlləri Qafqaz regionunun siyasi və inzibati tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalmışdır. Bu dövrdə Rusiya imperiyasının Qafqazı işğalı bölgənin tarixi inkişafını, inzibati bölgüsünü və etno-demoqrafik mənzərəsini köklü şəkildə dəyişdirmişdir. Azərbaycan torpaqlarının tədricən Rusiya imperiyasına birləşdirilməsindən sonra, imperiya hakimiyyəti regionda idarəçiliyi mərkəzləşdirmək və hərbi nəzarəti gücləndirmək məqsədilə yeni inzibati-ərazi bölgü siyasəti həyata keçirmişdir. Bu siyasət yerli feodal idarəçiliyini ləğv edir, əvəzində quberniyalar və qəzalar şəklində rus inzibati sistemi tətbiq olunurdu. Həmin bölgü çərçivəsində Zəngəzur qəzası yaradılmış və Gəncə quberniyasının tərkibinə daxil edilmişdir. Zəngəzur qəzasının inzibati ərazisinə Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın bölgələri daxil idi. Bu bölgələr Azərbaycanın qədim tarixi-coğrafi məkanlarını əhatə edir, zəngin təbii sərvətləri və mühüm strateji mövqeyi ilə seçilirdi. Yeni inzibati bölgü Rusiya imperiyasının məqsədlərinə uyğun şəkildə tərtib olunmuşdu. Məqsəd təkcə idarəetməni mərkəzləşdirmək deyil, həm də bölgənin etnik tərkibini tədricən dəyişdirmək idi. Bu məqsədlə, 1828-ci il Türkmənçay müqaviləsindən sonra İrandan və Osmanlı imperiyasından Qafqaza, xüsusən də Zəngəzur və İrəvan ərazilərinə kütləvi şəkildə erməni əhalisi köçürülmüşdü. Bununla belə, XIX əsr boyunca Zəngəzur qəzası Azərbaycanın mədəni, sosial və iqtisadi həyatında mühüm rol oynamışdır. Qəzanın tərkibində yer alan bölgələr kənd təsərrüfatı, maldarlıq, sənətkarlıq və ticarət mərkəzləri kimi inkişaf etmiş, yerli əhali öz milli ənənələrini qorumağa davam etmişdir. Zəngəzur bölgəsi həm də Cənubi Qafqazda Azərbaycanın qərb sərhədlərinin qorunmasında mühüm strateji rol oynamışdır. Onun dağlıq relyefi və təbii sərhədləri regionda hərbi-siyasi sabitliyin təmin edilməsində əhəmiyyətli olmuşdur. Bu gün Azərbaycan Respublikasının Zəngilan, Qubadlı və Laçın rayonları həmin tarixi Zəngəzur qəzasının ərazisinin tərkib hissələridir. 2020-ci ildə Azərbaycan Ordusunun tarixi Zəfəri nəticəsində bu torpaqların işğaldan azad olunması bir əsrdən artıq davam edən ədalətsizliyin aradan qaldırılması və tarixi həqiqətin bərpası kimi dəyərləndirilir. Beləliklə, XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazda apardığı inzibati bölgü bu torpaqlarda dərin izlər qoymuşdur. Lakin bütün dəyişikliklərə baxmayaraq, Zəngəzur bölgəsi və onun əhalisi öz milli kimliyini, dilini, mədəniyyətini və Azərbaycan dövlətinə bağlılığını əsrlər boyu qorumağı bacarmışdır.

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Məmmədhəsən Mənsimov