• Şb. Dek 6th, 2025

İnsan azadlıqlarının təminatıMilli Konstitusiyamızın əsas prinsipidir

ByVuqar Ferzeliyev

Noy 7, 2025
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Bizim Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir.
Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Ədalət mühakiməsi tam müstəqil olan və toxunulmazlığı dövlət tərəfindən təmin edilən məhkəmələr tərəfindən həyata keçirilir. Burada da məsələnin əsas mahiyyəti ondadır ki, hakimiyyət xalqa məxsusdur və qərarlar xalqın iradəsi ilə qəbul edilir.
1995-ci ildə qəbul olunan Konstitusiya Azərbaycanı demokratik, hüquqi və dünyaya açıq bir dövlət kimi tanıtdı. Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanun daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Vətənimizin ərazi toxunulmazlığı və sərhədlərimizin qorunması Konstitusiyamızda tam ifadə olunub.

Vəliağa Məmmədov

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi