• Şb. Dek 6th, 2025
   Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.
    Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu tarixi və unudulmaz Qələbə müjdəsi ilə xalqımıza müraciət edəndə sanki şəhidlərimizin ruhları da daxil olmaqla dünyadakı bütün azərbaycanlıların alqış səslərini eşitdik, sevinc və qürur hisslərini duyduq. Dövlət başçısı Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
 Biz 30 ilə yaxın ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb.
   Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir