Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
Ağdam şəhərinin erməni işğalından azad olunmasından ildönümünü qeyd edirik. Bu, yalnız bir şəhərin azad edilməsi deyil, 30 il davam edən Qarabağ həsrətinin sonlanması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Vətən müharibəsindəki böyük zəfərimizin şanlı bir hissəsidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Əksinə ola bilərdimi? Bəli, bizim qəhrəman igid oğullarımız öz qanı, canı hesabına digər kənd və şəhərləri azad etdiyi kimi Ağdamı da azad edərdi.
Biz qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qaytarılsın. Ağdamın işğaldan azad edilməsi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan xalqının iradəsi və qəhrəman ordusunun gücü ilə əldə edilən bir qələbədir.
Otuz ilə yaxın müddətdə rayonun bütün sərvətləri talan edilib. İşğaldan əvvəl rayon ərazisində 3006 hektar meşə sahəsi var idi. 64,863 min kubmetr mişar daşı, 140,464 min ton Çobandağ əhəngdaşı, 44,708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları quldurların əsarəti altına düşmüşdü. Təbiət abidəsi kimi qorunan Ağdam şəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Cəlilabad Rayon İcra Hakimiyyəti
başçısı aparatının Hüquq şöbəsinin müdiri
